Rusiya NATO ilə toqquşmaya hazırlaşır.
İnterpress.az xəbər verir ki, bu barədə Niderland Kəşfiyyat Xidməti məlumat yayıb.
Niderland kəşfiyyatının illik hesabatında Rusiyanın Ukraynadakı müharibə başa çatdıqdan cəmi bir il sonra NATO ilə potensial münaqişəyə hazır ola biləcəyi vurğulanır.
Analitiklər bildirirlər ki, Ukraynadakı müharibə davam etdiyi müddətdə Alyansla genişmiqyaslı toqquşma ehtimalı aşağı olsa da, Moskva Avropadakı vəziyyəti destabilizasiya etmək üçün artıq məhdud hərbi əməliyyat ssenarilərini nəzərdən keçirir.
Hesabatda Kreml üçün Ukraynadakı müharibənin strateji əhəmiyyət daşıdığı və əldə olunan döyüş təcrübəsinin Rusiya ordusunun effektivliyini artırdığı qeyd edilir.
Çəkilən ağır itkilərə baxmayaraq, Rusiya xüsusilə dronlar, uzaqmənzilli silahlar və hava hücumundan müdafiə (HHM) sistemlərinə üstünlük verərək silahlı qüvvələrini gücləndirməyə davam edir.
Bundan əlavə, Avropada Rusiya tərəfindən həyata keçirilən hibrid fəaliyyətlərin — diversiyalar, kəşfiyyat və informasiya əməliyyatlarının artdığı müşahidə olunur.
Niderland kəşfiyyatının qiymətləndirməsinə görə, region üçün təhlükəsizlik riskləri getdikcə artır.
Bu fonda Baltikyanı ölkələr, Şimali Avropa dövlətləri və Polşa Rusiyanın mümkün təxribatlarına, o cümlədən məhdud hücumlar və hibrid əməliyyat ssenarilərinə qarşı hazırlıqlarını gücləndirirlər.
Xuraman Etibarlı
İnterpress.az






