Saranskda özəl klinikada sadə burun əməliyyatı pasiyenti vegetativ vəziyyətə salıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Rusiyanın Saransk şəhərindəki “KİM” özəl klinikasında daha bir faciəvi hadisə qeydə alınıb.
Xoruldamaqdan qurtulmaq üçün septoplastika və yumşaq damaq əməliyyatı etdirən 42 yaşlı Sergey əməliyyatdan sonra vegetativ vəziyyətə düşüb.
Məlumata görə, pasiyent narkozdan ayıldıqdan 20 dəqiqə sonra qəfil göyərib və huşunu itirib.
Həkimlər onu süni tənəffüs aparatına qoşsalar da, onda qıcolmalar başlayıb. Hazırda Sergey nəfəs almaq üçün traxeostoma və qidalanmaq üçün qastrostoma ilə yaşayır.
Yaxınları iddia edirlər ki, klinikada reanimasiya şöbəsi yoxdur və təcili yardım əməliyyatdan iki saat sonra çağırılıb.
Bu müddət ərzində isə oksigen çatışmazlığından pasiyentin beyni ağır zədələnib. İstintaq Komitəsi araşdırmaya başlayıb, lakin klinikanın baş həkimi şərh verməkdən imtina edib.
Şübhəli məqamlardan biri də odur ki, həmin gün klinikadakı müşahidə kameralarının işləmədiyi bildirilir.
Qeyd edək ki, “KİM” klinikası üçün bu, ilk faciə deyil. 2018-ci ildə orada adenoit əməliyyatından sonra 6 yaşlı uşaq, 2023-cü ildə burun əməliyyatından sonra 37 yaşlı kişi, eləcə də xal götürdürməyə gələn 23 yaşlı DJ dünyasını dəyişib.
2018-ci ildəki hadisə ilə bağlı anestezioq şərti cəza alsa da, iş yerində qalmağa davam edib.
Xuraman Etibarlı
İnterpress.az






