Təbiət Moskvada həyatı iflic edib: ağaclar aşıb, reyslər təxirə salınıb, taksi qiymətləri 5 dəfə bahalaşıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Moskvada kəskin hava şəraiti səbəbindən “narıncı” təhlükə səviyyəsi elan edilib.
Yapışqan qar səbəbindən şəhərin müxtəlif yerlərində ağaclar aşıb, nəticədə “Partizanskaya” və “Şyolkovskaya” metrostansiyaları arasında hərəkət müvəqqəti dayandırılıb.
Şəhərdə nəqliyyatda ciddi çətinliklər yaranıb, taksi qiymətləri 5 dəfə artıb, şəhər daxilində skuterlərin icarəsi isə tamamilə qadağan edilib.
Qasırğa qatar qrafiklərində də gecikmələrə səbəb olub; Paveletski vağzalına gələn ən azı 7 qatar 2,5 saata qədər gecikib.
Hava limanlarında da vəziyyət gərgindir: gecə saatlarında 50-dən çox təyyarə paytaxtı tərk edə bilməyib.
Sinoptiklər vəziyyətin yaxın sutka ərzində daha da pisləşəcəyini, qar yağışının daha iki gün davam edəcəyini, lakin intensliyinin azalacağını proqnozlaşdırırlar.
Xuraman Etibarlı
İnterpress.az






