Primoryedə qaynaqçının səhvi meşə yanğınına səbəb olub.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Primorye diyarında, Vladivostok şəhərinin ətrafında böyük yanğın baş verib. Hadisə xüsusi ev sahibinin qaynaq işləri apararkən yanğın təhlükəsizliyi qaydalarını pozması nəticəsində meydana gəlib.
Belə ki, qaynaq zamanı sıçrayan qığılcımlar yarpaqlara və quru otlara düşüb, yanğın sürətlə genişlənərək evin damına və ətrafdakı digər tikililərə keçib.
Yanğının ümumi sahəsi 1500 kvadrat metrə yaxın quru otlaq sahəsini əhatə edib.
Hadisə səbəbindən “Ussuri” magistral yolunu tüstü bürüyüb və avtomobillərin hərəkəti üçün görünüş məsafəsi minimuma enib.
Alovun söndürülməsinə 42 xilasedici və 9 ədəd xüsusi texnika cəlb olunub.
Xuraman Etibarlı
İnterpress.az






