Türkiyə səfirlərini niyə geri çağırır?backend

Türkiyə səfirlərini niyə geri çağırır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə dünya ölkələrindəki səfirlikləri ilə bağlı ciddi islahatlara başlayıb. İslahatlar Azərbaycandakı böyük elçilikdən də yan keçmədi. Hazırkı səfir İsmayıl Alper Coşqunun yerinə Erkan Özoral təyin olunub. Yeni səfir bundan əvvəl Türkiyə Xarici İşlər Nazirliyində baş direktor vəzifəsində çalışıb.

Alper Coşqunun geri çağırılması Azərbaycanda geniş müzakirələr və təəssüf doğurub. Səfirlik dönəmi ərzində o, Azərbaycan mətbuatının dostu adını qazanmışdı. “Yeni Müsavat”la da daim yaxın əlaqələri var idi. Bu baxımdan yeni səfirin fəaliyyətinin necə olacağını indidən demək çətindir. Doğrudur, Azərbaycan və Türkiyə kimi qardaş ölkələrdə bəzən rəsmi nümayəndəliklərin rolu bir o qədər də nəzərə çarpmır. Çünki münasibətlər daim normal müstəvidə davam edir.

Amma bununla yanaşı, Türkiyə hökumətinin səfirliklərlə bağlı islahatları bəzi müəmmalar yaradıb. Xüsusilə baş nazir dəyişikliyindən sonra bu proseslərin yaşanması suallar doğurub. Çoxları bunun keçmiş nazir Əhməd Davudoğlu ilə əlaqədar olduğunu iddia edirlər. Geri çağırılan səfirlərin onunla yaxın əlaqələri olduğuna görə Türkiyə hökumətinin bu bağları tamamən qoparmaq məqsədilə belə addımlar atdığını iddia edənlər də var. Rotasiya qaydası əsasında səfirlərin geri çağırıldığını, yaxud yerlərinin dəyişdirildiyini düşünənlər də az deyil.
Türkiyə hökumətinin ən çox maraq doğuran addımı Rusiyadakı səfiri ilə bağlı oldu. Qardaş ölkə oradakı səfirini də dəyişdi. Bu addım şimal qonşumuzla münasibətləri düzəltmək üçün Türkiyənin atdığı növbəti addım kimi dəyərləndirilir.

Politoloq Şahin Cəfərli rotasiya qaydalarına görə türk hökumətinin belə addım atdığını düşünür: “Türkiyənin bir sıra ölkələrdə və beynəlxalq təşkilatlardakı səfirlərini dəyişməsi növbəti rotasiyadır. Bu qərarın altında hansısa gizli məqamlar axtarmağa dəyməz.

 Türkiyə səfirlərini niyə geri çağırır?

Rotasiyanın vaxtı çatmışdı və bu barədə qərarnamənin hazırlanması hələ Əhməd Davudoğlunun baş nazir olduğu dövrdə başlamışdı. Azərbaycandakı səfirin dəyişməsi ilə ölkəmizdəki Türkiyə səfirliyinin fəaliyyətində ciddi bir dəyişiklik olacağını gözləmirəm. Əlbəttə ki, hər səfirin özünün dəst-xətti olur, bu istiqamətdə hansısa yeniliklər və ya fərqliliklər ola bilər. Amma Türkiyənin Azərbaycana münasibəti və iki xalq arasındakı yaxınlıq hər kəsə bəllidir. Səfirlər də bu siyasətə və münasibətə uyğun fəaliyyət göstərir.

Əlbəttə, ötən illərdə Türkiyədən Azərbaycana göndərilən bəzi səfirlər olub ki, elə də xoş izlər buraxmadan ölkəmizdən ayrılıblar. Çox az müddət çalışaraq geri dönən və adı unudulan səfirlər də olub. Yeni səfir Erkan Özoral Türkiyə XİN-də mühüm vəzifə tutub və inanıram ki, yüksək profilə sahib diplomatdır. Hazırkı səfir İsmayıl Alper Coşqun hələlik başqa ölkəyə təyinat almayıb və bir müddət mərkəzi aparatda çalışacaq. Azərbaycandakı Türkiyə səfirliyində çalışan Meral Barlaşın Argentinaya səfir göndərilməsi də maraqlıdır. O, yəqin ki, buradakı fəaliyyətində özünü bacarıqlı diplomat kimi göstərib”.

Ş.Cəfərli ümumilikdə Türkiyənin 50 ölkədə səfirləri ilə bağlı dəyişikliklər etdiyini söylədi: “Rotasiya qaydasında olsa da, hər halda, Rusiya və Almaniyaya yeni səfirlərin göndərilməsi maraqlı faktdır. Rusiyadakı səfir bizim yaxından tanıdığımız, daha öncə Bakıdakı səfirlikdə çalışmış Ümit Yardım idi. Moskvada çalışdığı dövrdə iki ölkə münasibətlərinin pisləşməsini onun şanssızlığı saya bilərik.

Təbii ki, burada Ümit Yardımdan asılı bir məsələ yoxdur. Yeni səfirin kimliyi diqqəti cəlb edir. Moskvaya təyinat alan Hüseyn Diriöz daha əvvəl NATO baş katibinin müavini vəzifəsində çalışıb. NATO-Rusiya münasibətlərinin gərginləşdiyi bir dövrdə, alyansın tarixi Varşava sammiti öncəsində bu təyinat müəyyən suallar yaradır. Ehtimal var ki, bu amil Rusiyanın səfirə aqreman verməsi məsələsində problem yarada bilər. Bundestaqın uydurma ”erməni soyqırımı\” qətnaməsindən sonra bu ölkədən geri çağırılan, daha əvvəl Azərbaycanda səfir olmuş Hüseyn Avni Karslıoğlu da başqası ilə əvəzlənib. Bu da rotasiya qaydasında gerçəkləşsə də, düşünürəm ki, Türkiyə rəhbərliyi Karslıoğlunun Berlindəki fəaliyyətindən məmnun qalmayıb. Onun yerinə yüksək profilli diplomat, XİN-in aparat rəhbərinin müavini Əli Kamal Aydın səfir təyin olunub\”.

Şahin bəy Fransaya göndərilən yeni türk səfirinin də maraq doğurduğunu bildirdi: “Daha bir diqqət çəkən məqam Türkiyənin kəşfiyyat orqanı – Milli İstihbarat Təşkilatının ikinci adamı İsmayıl Hakkı Musanın Parisə səfir göndərilməsidir. Əslində Türkiyədə Milli İstihbarat Təşkilatının rəhbəri Hakan Fidanın bu vəzifədən çıxarılaraq səfir göndəriləcəyi barədə şayiələr dolaşırdı. Belə görünür ki, bu şayiələrin müəyyən əsası var imiş. Düzdür, Fidan hələ öz postunda qalır, amma ola bilər ki, Hakkı Musanın yerinə təyin olunacaq şəxs bir müddət sonra Hakan Fidanı əvəzləsin.

Qeyd etmək yerinə düşər ki, Türkiyə Silahlı Qüvvələrinin istefada olan polkovniki, Azərbaycanı çox yaxından tanıyan Ləvənt Göktaşın Milli İstihbarat Təşkilatının rəhbəri təyin olunacağı barədə söz-söhbətlər yayılıb. Ola bilər ki, polkovnik Göktaş əvvəlcə Musanın yerinə müavin təyin olunsun və bir müddət təcrübə topladıqdan sonra Milli İstihbarat Təşkilatının rəhbəri vəzifəsinə gətirilsin”. (musavat)

İnterpress.az