Ərəbistan dənizində 22 500 dənizçi 1 550 gəmidə “qapalı” qalıb.
İnterpress.az xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.
ABŞ-nin Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri Keyn və Pentaqon rəhbəri Heqset keçirdikləri birgə mətbuat konfransında Ərəbistan dənizindəki kritik vəziyyətlə bağlı açıqlama veriblər.
Keyn bildirib ki, atəşkəs elan olunduqdan sonra İran 9 gəmiyə hücum edib, iki tankeri ələ keçirib və Amerika qüvvələrinə qarşı 10-dan çox hücum təşkil edib.
Bununla belə, o vurğulayıb ki, bu addımlar regionda genişmiqyaslı əməliyyatın başlanması üçün lazım olan həddən aşağıdır.
Baş qərargah rəisinin sözlərinə görə, Tehranın Hörmüz boğazından sərbəst keçidi bloklaması səbəbindən Ərəbistan dənizində 1 550-dən çox gəmi və onlarda olan 22 500 dənizçi hazırda “qapalı” vəziyyətdə qalıb.
Pentaqon rəhbəri Heqset isə vurğulayıb ki, “Layihə Azadlıq” (Project Freedom) əməliyyatı ABŞ üçün müvəqqəti xarakter daşıyır:
“Əvvəllər də qeyd etdiyim kimi, dünya bu su yoluna bizdən qat-qat çox ehtiyac duyur. Biz ticarətin bərpası üçün vəziyyəti stabilləşdiririk, lakin dünya birliyinin də təşəbbüs göstərməsini gözləyirik”.
Xuraman Etibarlı
İnterpress.az






