Putin 9 May Qələbə Günü Paradından əvvəl Moskva ətrafında “qorxu halqası” yaradır.
İnterpress.az xəbər verir ki, bu barədə Avropa kəşfiyyat orqanları məlumat yayıb.
Kreml Ukrayna pilotsuz uçuş aparatlarının (PUA) potensial hücumlarından ehtiyat edərək paytaxt Moskvada təhlükəsizlik tədbirlərini maksimuma çatdırıb.
Artıq Moskva və Sankt-Peterburqun təhlükəsiz bir yer olmadığı düşünülür. Buna baxmayaraq, Vladimir Putin 9 May Qələbə Günündə Qırmızı meydanda parad keçirmək niyyətindədir.
Müxalifət mediasının məlumatına görə, PUA-ların naviqasiyası üçün mobil internetdən istifadəsinin qarşısını almaq məqsədilə Moskva və Sankt-Peterburqda mobil internetin tamamilə söndürüləcəyi gözlənilir.
Dövlət Dumasının müdafiə komitəsi rəhbərinin müavini Aleksey Juravlyov paradı “təhlükəli tədbir” adlandırıb.
Avropa kəşfiyyatı iddia edir ki, Putin təkcə PUA hücumlarından deyil, həm də sui-qəsd və ya daxili çevrilişdən ciddi şəkildə narahatdır.
Bu təhdidlərə cavab olaraq Kreml paytaxtın müdafiəsini gücləndirir. Peyk şəkillərinə əsasən, təkcə 2025-ci il ərzində Moskva ətrafında hava hücumundan müdafiə (HHM) sistemləri yerləşdirilmiş təxminən 43 xüsusi qüllə tikilib.
Sosial şəbəkələrdə HHM bölmələrinin digər regionlardan çıxarılaraq birbaşa paytaxta, yəni Moskvaya cəmləşdirildiyi barədə iddialar yer alır.
Bundan əlavə, mart ayının sonunda Putin silah haqqında qanuna dəyişiklikləri imzalayıb. Bu dəyişikliklər kritik infrastrukturu, xüsusən də neft obyektlərini qorumaq üçün özəl mühafizə şirkətlərinə döyüş silahından istifadə etməyə icazə verir.
Qanunda birbaşa qeyd olunub ki, bu tədbir “pilotsuz uçuş aparatlarına” qarşı mübarizə üçün nəzərdə tutulub.

Xuraman Etibarlı
İnterpress.az






