Sözügedən nöqsanlar əsasən dərman vasitəsinin qablaşdırmasının dövlət qeydiyyatından keçən formaya, içlik vərəqəsinin isə Səhiyyə Nazirliyinin təsdiqlədiyi formaya uyğunsuzluğu, bəzi hallarda içlik vərəqəsində əks olunan məlumatların Azərbaycan dilində deyil digər dillərdə olması ilə əlaqədar olub”.
Bunu Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzində keçirilən iclasda mərkəzin direktoru Murad Süleymanov deyib.
Onun sözlərinə görə, artıq mərkəz tərəfindən qanunvericiliyə görə içlik vərəqəsində göstərilməli olan məlumatların ardıcıllığı nəzərə alınaraq içlik vərəqəsinin nümunəsi hazırlanıb və iyunun 13-dən etibarən istifadəyə verilib: “Analitik Ekspertiza Mərkəzinin əsas vəzifəsi əhalinin keyfiyyətli, effektiv və səmərəli dərman vasitələri ilə təminatına nəzarət etməkdir. Xüsusilə son 6 ay ərzində mərkəzdə bu istiqamətdə köklü islahatlar aparılıb, mövcud qanunvericiliyin aktuallaşdırılması, yeni hüquqi-normativ sənədlərin hazırlanması, işçi heyətin bilik və bacarıqlarının artırılması, “bir pəncərə xidməti”nin tətbiqi, dərman vasitələrinin keyfiyyətinə nəzarət laboratoriyasının maddi-texniki bazasının gücləndirilməsi və s. bu kimi bir sıra tədbirlər görülüb. Bununla yanaşı ölkənin dərman bazarında qıtlıq yaranmasının qarşısının alınması məqsədilə dərman vasitələrinin istər dövlət qeydiyyatı, istərsə də idxalı zamanı yaranan çətinliklər aradan qaldırılıb, mövcud prosedurlar daha da sadələşdirilib. Lakin eyni zamanda dərmanların keyfiyyətinə nəzarət gücləndirilib, bu sahədə olan tələblər sərtləşdirilib. Mərkəzin fəaliyyəti Səhiyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Dövlət Gömrük Komitəsi, Tarif Şurası və digər aidiyyəti dövlət qurumları və özəl təşkilatlarla sıx əlaqə şəkildə qurulub”.
Respublikada fəaliyyət göstərən dərman vasitələrinin istehsalçılarının yerli nümayəndəliklərinin, distribütor şirkətlərinin və topdansatış müəssisələrinin nümayəndələri, həmçinin mərkəzin aidiyyəti şöbələrinin mütəxəssisləri də olmaqla ümumilikdə 60-a yaxın şəxsin iştirak etdiyi iclasda hazırda dərman vasitələrinin ölkəyə idxalı zamanı içlik vərəqələri və qablaşdırma ilə bağlı yaranan problemlər geniş müzakirə olunub. İclasda həmçinin qeyd olunub ki, mərkəz tərəfindən görülən işlərin daim qiymətləndirilməsi aparılır, nəticələr barədə əlaqədar qurumlara hesabatlar təqdim olunur, dəyişikliklər və yeniliklər barədə ictimaiyyət məlumatlandırılır. Həmçinin müzakirə olunan məsələlərlə bağlı şirkətlərə xəbərdarlıq məktubunun göndəriləcəyi bildirilib, ümumilikdə sözügedən sahədə yaranan problemlərin həllində birgə fəaliyyət göstərməyin əhəmiyyətini iştirakçıların nəzərinə çatdırılib.
İnterpress.az