Almaniya Ukraynaya Patriot raketləri və HHM döyüş sursatları üçün 400 milyon dollar ayıracaq.
İnterpress.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Almaniya “PURL” mexanizmi və “Patriot” raketləri çərçivəsində Ukraynaya hava hücumundan müdafiə (HHM) sistemləri üçün 400 milyon dollar (təxminən 680 milyon manat) həcmində yeni yardım paketi ayıracaq.
Almaniyanın Müdafiə naziri Boris Pistorius NATO müdafiə nazirlərinin görüşü və “Ramşteyn” iclası ərəfəsində bəyan edib ki, Berlin Ukraynaya dəstəyini zəiflətməyəcək.
O, Almaniyanın dördüncü dəfə “PURL” mexanizminə qoşulduğunu bildirib. Bu mexanizm vasitəsilə Ukrayna üçün vacib olan, lakin Avropada istehsalı mümkün olmayan Amerika silah və döyüş sursatlarının alınması maliyyələşdirilir.
“Bu dəfə söhbət yenidən təcili olaraq ehtiyac duyulan HHM sursatlarından gedir. Biz bu məqsədlə 200 milyon dollar (təxminən 340 milyon manat) vəsait ayırırıq. Bundan əlavə, Almaniya ‘Patriot’ sistemləri üçün raketlərin alınmasını nəzərdə tutan ‘Jumpstart’ proqramını dəstəkləyəcək”, – Pistorius qeyd edib.
Nazir əlavə edib ki, Berlin həmçinin idarəolunan “PAC-3” raketlərinin alınması üçün əlavə olaraq 200 milyon dollar (təxminən 340 milyon manat) maliyyə vəsaiti də ayıracaq.
Xuraman Etibarlı
İnterpress.az






