MRT-ni UNUDUN: Bədəni 60 saniyədə skan edən unikal texnologiya TƏQDİM OLUNDU – VİDEObackend

MRT-ni UNUDUN: Bədəni 60 saniyədə skan edən unikal texnologiya TƏQDİM OLUNDU – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Midjourney” bədəni 60 saniyədə skan edən unikal tibbi skaner təqdim edib.

İnterpress.az xəbər verir ki, bu barədə “Engadget” texnologiya nəşri məlumat yayıb.

Süni intellekt vasitəsilə təsvirlər yaradan məşhur “Midjourney” laboratoriyası gözlənilməz addım ataraq tibb sahəsinə daxil olduğunu bəyan edib.

Şirkət “Midjourney Medical” adlı yeni bölməsinin yaradıldığını və insan bədənini cəmi 60 saniyə ərzində tam skan edə bilən unikal “Midjourney Scanner” cihazını təqdim edib.

MRT aparatlarından fərqli olaraq, bu cihazda güclü maqnitlər və dar borular deyil, yalnız su və ultrasəs dalğalarından (ultrasəs KT) istifadə olunur.

Tərtibatçıların ideyasına görə, insanın xüsusi ilıq su hovuzuna daxil olması kifayətdir. Platforma vasitəsilə suya enən zaman bədən yarım milyon ultrasəs sensorundan ibarət xüsusi halqadan keçir.

Bu sensorlar bədənin daxili orqanlarının və toxumalarının 3D xəritəsini saniyələr ərzində bərpa edir.

Cihazda heç bir radiasiya şüalanması və ya maqnit sahəsi olmadığı üçün onun insan orqanizmi üçün tamamilə təhlükəsiz olduğu bildirilir.

Şirkət bununla kifayətlənməyərək, gələcəkdə xəstəxanalar əvəzinə dünyada “Midjourney Spa” adlı unikal sağlamlıq və spa mərkəzləri şəbəkəsi açmağı planlaşdırır.

İlk belə böyük spa mərkəzinin 2027-cı ilin sonunda San-Fransisko şəhərində açılması hədəflənir.

Ziyarətçilər hovuz və sauna arasında növbə gözləmədən, heç bir stress və xoşagəlməz prosedurlar olmadan bədənlərini sürətli şəkildə skan etdirə biləcəklər.

Əgər bu texnologiya rəsmən təsdiqlənərsə və istehsalçıların vəd etdiyi kimi fəaliyyət göstərərsə, tibbi diaqnostika bazarında inqilabi dəyişikliklərin baş verəcəyi gözlənilir.

Xuraman Etibarlı

İnterpress.az