Krasnoyarskda narkotik reklam edən “Hörümçək-adam” saxlanılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Rusiyanın Krasnoyarsk şəhərində narkotik vasitələrin qanunsuz satışı ilə məşğul olan internet saytlarının reklamını aparan “Hörümçək-adam” polis tərəfindən saxlanılıb.
Məlumata görə, 22 yaşlı yerli sakin gecə saatlarında küçələrə superqəhrəman maskasında çıxaraq yaşayış binalarının divarlarına qadağan olunmuş maddələrin satıldığı platformaların ünvanlarını qraffiti şəklində çəkib.
O, hər dəfə divarlara bu yazıları vurduqdan sonra onların fotoşəkillərini çəkərək işəgötürənlərinə hesabat kimi göndərib.
“Mehriban qonşu” ləqəbli qanunsuz reklamçı saxlanılarkən onun üzərindən çoxsaylı boya balonları, mobil telefonunda isə artıq çəkilmiş qraffitilərin fotoşəkilləri aşkar edilərək götürülüb.
Hazırda o, məhkəmənin qərarı ilə nəzarətə götürülüb. Faktla bağlı “narkotik vasitələrin satışı məqsədilə qanunsuz təbliği və yayılması” maddəsi ilə cinayət işi başlanıb.
Gənc “Hörümçək-adam”ı Rusiya qanunvericiliyinə əsasən 20 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.
Xuraman Etibarlı
İnterpress.az






