Rusiyada “Pyaterochka” və digər iri marketlərdə “Rafaello”, “Kinder” və “Ferrero” şokoladlarının satışı dayandırılır.
İnterpress.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Rusiyanın ən iri pərakəndə ticarət şəbəkələrindən biri olan “X5 Group” şirkətinə məxsus “Pyaterochka”, “Perekrestok” və “Çijik” mağazalarından məşhur “Ferrero Rocher”, “Bueno”, “Rafaello” və “Kinder” şokolad məhsulları yoxa çıxacaq.
Şirkətdən verilən rəsmi məlumata görə, bu addımın atılmasına səbəb istehsalçı şirkətin topdansatış qiymətlərini əsassız şəkildə kəskin qaldırması olub. “X5 Group” qiymət artımına etiraz olaraq qeyd olunan brendlərin məhsullarının satınalınmasını müvəqqəti olaraq dayandırıb.
Mütəxəssislər qeyd edirlər ki, “Ferrero” şirniyyat qrupunun məhsulları Rusiya bazarında kifayət qədər populyardır, lakin pərakəndə satış şəbəkələri alıcıların maraqlarını qorumaq və rəflərdə süni bahalaşmanın qarşısını almaq üçün bu cür tədbirlərə əl atırlar.
“X5 Group” rəsmiləri bildiriblər ki, rəflərdə boş qalan yerlər digər yerli və xarici analoji şirniyyat brendlərinin daha sərfəli məhsulları ilə əvəz olunacaq.
Xuraman Etibarlı
İnterpress.az






