Omskdakı 20 yaşlı gənci öldürən 7 nəfər saxlanılıb.
İnterpress.az xəbər verir ki, bu barədə “NEWS.ru” portalı məlumat yayıb.
Rusiyanın Omsk şəhərində günlərdir axtarışda olan 20 yaşlı tələbənin vəhşicəsinə qətlə yetirilməsi faktının üstü açılıb. Qətl şübhəlisi qismində 7 gənc saxlanılıb.
İstintaqın məlumatına görə, Dostoyevski adına Omsk Dövlət Universitetinin Tarix, İlahiyyat və Beynəlxalq Münasibətlər fakültəsinin tələbəsi olan Aleksandr Triputen iyunun 20-də gəzintiyə çıxıb və bir daha geri qayıtmayıb. Onun işgəncə verilmiş cansız bədəni 5 gün sonra şəhər yaxınlığındakı yarğanların birində, böyük polimer torbanın içərisində tapılıb.
Hüquq-mühafizə orqanları qısa müddətdə şübhəlilərin izinə düşməyi bacarıblar. Müəyyən edilib ki, 22-24 yaşlarında olan 7 nəfərdən ibarət qrup tələbədən uydurma bəhanə ilə pul tələb ediblər.
Onlar gənci boş əraziyə cəlb edərək əl-ayağını bağlayıb, işgəncə verib və daha sonra çoxsaylı bıçaq zərbələri ilə qətlə yetiriblər.
Omsk Vilayət Prokurorluğundan verilən məlumata görə, cinayətkarlar bu qanlı aksiyanı əvvəlcədən dərindən planlaşdırıblar. Onlar cinayət törətmək üçün xüsusi olaraq yapışqan lent, böyük torbalar, əlcəklər alıb, həmçinin özləri üçün saxta alibi hazırlayıblar.
Məlum olub ki, qatil qrupun üzvləri heç bir yerdə işləməyib və oxumayıblar. Onlar tələbə Aleksandrla internetdə ümumi maraqlar zəminində tanış olublar.
Həmçinin, bu cinayəti törətmək üçün Sankt-Peterburq və Yekaterinburq kimi fərqli şəhərlərdən gələrək Omska toplaşdıqları və xüsusi olaraq mənzil kirayələdikləri aşkarlanıb.
Hazırda saxlanılan 7 nəfərin hamısı barəsində həbs qətimkan tədbiri seçilib, istintaq hərəkətləri davam etdirilir.

Xuraman Etibarlı
İnterpress.az






