Norveçdə kimsəsiz adada sirli kişi cəsədi TAPILDI: Şəxsiyyətini müəyyən etmək üçün axtarış BAŞLANDIbackend

Norveçdə kimsəsiz adada sirli kişi cəsədi TAPILDI: Şəxsiyyətini müəyyən etmək üçün axtarış BAŞLANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Norveçdə kimsəsiz adada naməlum kişi cəsədi tapılıb.

İnterpress.az xəbər verir ki, bu barədə “NRK” teleradio şirkəti məlumat yayıb.

Norveçdə kimsəsiz və yaşayış olmayan adada tapılan sirli kişi cəsədi ölkə polisində və müstəntiqlər arasında böyük suallar doğurub.

İyunun ortalarında Norveç sahillərində təmizlik işləri aparan “İn the Same Boat” ekoloji təşkilatının əməkdaşları Lofoten arxipelaqına daxil olan kimsəsiz Mosken adasının çimərliyində insan cəsədi aşkarlayıblar.

Təşkilatın rəsmiləri könüllülərin Norveç sahillərinin təxminən 70 faizini təmizlədiyini və bu cür dəhşətli tapıntılarla qarşılaşmağa hər zaman hazır olduqlarını bildiriblər.

Aparılan məhkəmə-tibbi ekspertizanın ilkin rəyinə görə, cəsəd suda ən azı bir, ən çoxu dörd həftə qalıb.

Ölən şəxsin boyunun təxminən iki metr, ayaqqabı ölçüsünün 48, yaşının isə 40-60 aralığında olduğu müəyyənləşdirilib.

Bölgədə heç bir itkin düşmə faktının qeydə alınmaması və DNT testinin verilənlər bazasındakı məlumatlarla uyğun gəlməməsi səbəbindən polis beynəlxalq səviyyədə ictimai axtarışlara başlayıb.

Müstəntiqlər şəxsiyyəti məlum olmayan kişinin əşyalarının – “Tommy Hilfiger” markalı ayaqqabılarının, “Casio G-Shock” markalı qara rəngli rəqəmsal qol saatının və ağ qızıldan hazırlanmış, üzərində bir mavi, bir ağ qaş olan fərqli üzüyün fotoşəkillərini yayıblar.

Norveç polisinin nümayəndəsi dünyasını dəyişən bu nəhəng bədənli şəxsin əcnəbi vətəndaş olması ehtimalının olduqca yüksək olduğunu və araşdırmaların beynəlxalq səviyyədə davam etdirildiyini vurğulayıb.

Xuraman Etibarlı

İnterpress.az