Rusiyada tanınmış vəkil Dmitri Zaxvatov terror fəaliyyətinə görə qiyabi olaraq 21 il həbs cəzası alıb.
İnterpress.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Rusiyada hərbi məhkəmə ölkədə “xarici agent” siyahısına daxil edilmiş tanınmış rusiyalı vəkil və hüquq müdafiəçisi Dmitri Zaxvatov barəsində qiyabi hökm oxuyub.
Məhkəmədən verilən rəsmi məlumata görə, Zaxvatov terror fəaliyyətini maliyyələşdirmək və terrorçuluğa açıq çağırışlar etmək ittihamı ilə qiyabi olaraq 21 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Prokurorluq sənədlərinə əsasən, vəkil özünün sosial şəbəkə hesablarında və bəyanatlarında rəsmi dövlət strukturlarına qarşı zorakı hərəkətləri təbliğ edib.
Dmitri Zaxvatov uzun illərdir Rusiyada müxalif fəalların və siyasi məhbusların müdafiəsi ilə məşğul olan ən tanınmış vəkillərdən biri olub.
O, təqiblərlə üzləşdikdən sonra Rusiyanı tərk edib və hazırda xaricdə yaşayır. Bu səbəbdən onun barəsində çıxarılan 21 illik ağır həbs hökmü qiyabi xarakter daşıyır.
Müdafiə tərəfi vəkilin fəaliyyətinin tamamilə hüquq müdafiəsi xarakterli olduğunu və bu məhkəmə qərarının siyasi qisas olduğunu bəyan edərək apellyasiya şikayəti verəcəklərini bildiriblər.
Xuraman Etibarlı
İnterpress.az






