“BMW” şirkəti yeni nəsil “X5” modelini rəsmən təqdim edib.
İnterpress.az xəbər verir ki, bu barədə “Autobild” nəşri məlumat yayıb.
Almaniyanın “BMW” avtomobil konserni özünün ən populyar krossoverlərindən biri olan “X5” modelinin tamamilə yeni nəslini rəsmən təqdim edib.
İlk növbədə avtomobilin beş fərqli versiyası – benzin, dizel, iki hibrid və tam elektrikli variantları satışa çıxarılacaq, bir qədər sonra isə hidrogen yanacağı ilə işləyən versiyası da təqdim olunacaq.
Yeni elektromobil tam şarjla 845 kilometrə qədər, hibrid versiya isə əlavə yanacaqdoldurmadan 2000 kilometrə qədər məsafə qət edə biləcək.
Krossover yeni aerodinamik kuzov dizaynı, gizli qapı tutacaqları, şaquli radiator barmaqlığı və “X” formalı fərqli fənərlər əldə edib.
Avtomobilin salonunda isə müasir “BMW Panoramic iDrive” idarəetmə sistemi, 17,9 düymlük nəhəng sensor ekran, ön şüşə üzərinə proyeksiya sistemi və təbii gilli şistdən hazırlanmış lüks bəzək elementləri quraşdırılıb.
Avtomobil bazarının mütəxəssisləri yeni “BMW X5” modelinin texnoloji göstəricilərini və rekord yürüş məsafəsini müasir krossover seqmentində yeni bir mərhələ kimi qiymətləndirirlər.
Şirkətdən verilən rəsmi məlumata görə, yeni modelin qlobal satışlarına 2026-cı ilin sonunda başlanılacaq.
Qiymətlər və əlavə komplektasiyalar isə satışların başlamasına bir qədər qalmış rəsmən açıqlanacaq.
Xuraman Etibarlı
İnterpress.az






