İtaliyanın ən böyük gölü anomal istilər səbəbindən milyardlarla litr su itirib.
İnterpress.az xəbər verir ki, bu barədə BILD nəşri məlumat yayıb.
İtaliyanın şimalında yerləşən ən böyük göl – Qarda anomal isti hava şəraitindən ciddi şəkildə zərər çəkib. Təkcə iyun ayının son həftəsində göldə suyun səviyyəsi 10 santimetr aşağı düşüb.
Məşhur kurort bölgəsində havanın temperaturu müntəzəm olaraq 37 dərəcəyə qədər yüksəlib və hələlik ekstremal hava şəraitinin zəifləyəcəyi gözlənilmir.
İtaliyanın “L’Arena” qəzetinin yaydığı məlumata görə, hazırda Qarda gölü hər gün təxminən 7,4 milyard litr su itirir. Bu böyük itki təkcə buxarlanma ilə bağlı deyil, həm də çaylardan gölə daxil olan suyun həcminin azalması və kənd təsərrüfatı ehtiyacları üçün suvarma məqsədilə göldən həddindən artıq suyun çəkilməsi ilə əlaqədardır.
Bununla belə, mütəxəssislər yay aylarında Qarda gölündə suyun azalmasının tez-tez baş verən təbii hal olduğunu xatırladırlar. Belə ki, 2023-cü ilin yazında suyun səviyyəsi o dərəcədə kritik həddə düşmüşdü ki, San Byaco adasına piyada getmək mümkün idi.
Tarixi minimum isə 2007-ci ilin sentyabrında qeydə alınıb. Alimlərin rəyinə görə, cari yay mövsümündə hələlik kritik həddə çatmaq təhlükəsi yoxdur.
Xuraman Etibarlı
İnterpress.az






