Şimali Kipr Türk Cümhuriyyətində Aralıq dənizi Sülh və Diplomatiya Forumu öz işinə başladı – FOTOLARbackend

Şimali Kipr Türk Cümhuriyyətində Aralıq dənizi Sülh və Diplomatiya Forumu öz işinə başladı – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şimali Kipr Türk Cümhuriyyətinin paytaxtı Lefkoşa şəhərində, Bahçeşehir Kipr Universitetinin ev sahibliyi ilə ilk dəfə təşkil olunan Aralıq dənizi Sülh və Diplomatiya Forumu öz işinə başlayıb.

İnterpress.az xəbər verir ki, “Eyni köklərdən, ortaq gələcəyə” şüarı ilə keçirilən forum siyasət, diplomatiya və elm dünyasının nüfuzlu nümayəndələrini bir araya gətirib.

Forumun açılış mərasimində Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstel, Cümhuriyyət Məclisinin sədri Ziya Öztürkler, AK Partiya sədrinin müavini, Türk Dövlətləri ilə Əlaqələr üzrə rəhbər Prof. Dr. Kürşad Zorlu, BAU Global-ın sədr müavini Hüseyn Yücel, Bahçeşehir Kipr Universitetinin Mütevelli Heyətinin sədri Eral Osmanlar, Mütevelli Heyətinin üzvü və Osmanlar Vəqfinin sədr müavini Mert Osmanlar, Bahçeşehir Universitetinin rektoru Prof. Dr. Esra Hatipoğlu, Bahçeşehir Kipr Universitetinin rektoru Prof. Dr. Mehmet Toycan, Ana Müxalifət Partiyasının sədri Sıla Usar İncirli, Kipr Türk Sülh Qüvvələrinin komandanı Korgeneral Sabahattin Kılınç, Təhlükəsizlik Qüvvələrinin komandanı Tümgeneral İlkər Görgülü, hökumət üzvləri, millət vəkilləri, diplomatlar, alimlər və çoxsaylı qonaqlar iştirak ediblər.

Forumda, həmçinin AK Partiya Türk Dövlətləri ilə Əlaqələr üzrə sədr müavinləri Selman Oğuzhan Eser və Temel Akyürek ilə yanaşı, İraq, Azərbaycan, Suriya, Kosovo, Şimali Makedoniya, Qərbi Trakya, Qaqauz Yeri, Bolqarıstan və Cənubi Azərbaycandan olan siyasətçilər, parlament üzvləri, alimlər və ictimai xadimlər də iştirak edirlər.

İki gün davam edəcək forum çərçivəsində Şərqi Aralıq dənizi regionunda sülhün möhkəmləndirilməsi, diplomatiya, regional əməkdaşlıq və ortaq gələcək perspektivləri müxtəlif ölkələrdən gəlmiş siyasətçilər, diplomatlar və akademiklərin iştirakı ilə geniş şəkildə müzakirə olunacaq.

Bu cür beynəlxalq platformalar Türk dünyası və region ölkələri arasında dialoqun, qarşılıqlı etimadın və əməkdaşlığın daha da gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycanın da bu proseslərdə fəal iştirakı ölkəmizin sülh, əməkdaşlıq və ortaq inkişaf prinsiplərinə verdiyi töhfənin bariz nümunəsidir.