Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası Azərbaycanın regionda rəqəmsal transformasiya və innovasiya sahəsində lider mövqeyini daha da möhkəmləndirmək baxımdan mühüm bir başlanğıc oldu.

İclasda süni intellektin artıq gələcəyin deyil, bu günün əsas inkişaf amili olduğunu, eyni zamanda, süni intellektin dövlətlərin təhlükəsizliyinin təmin edilməsində rolunun artmasını və bunun artıq mərkəzi yer tutduğunu vurğulayan Mehriban xanım Əliyeva “Sirr deyil ki, dünyanın aparıcı dövlətlərində süni intellektin inkişafı gözlənilən proqnozlardan daha sürətli gedir və bu, öz növbəsində həm yeni imkanlar, eyni zamanda, yeni təhlükələr yaradır” fikrini bildirərək, yeni çağırışlara, xüsusilə kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi sahəsində olan və yaranan risklərə hazır olmağın vacibliyini də vurğulayıb.
Birinci vitse-prezident eyni zamanda qeyd edib ki, Şuranın əsas vəzifəsi müxtəlif dövlət qurumlarının fəaliyyətini əlaqələndirməkdən, vahid yanaşma formalaşdırmaqdan və qəbul edilən qərarların vaxtında və səmərəli həyata keçirilməsinin icra olunmasını təmin etməkdən ibarətdir.
Qarşıya qoyulan əsas məqsəd yalnız yeni texnologiyaları tətbiq etmək deyil, eyni zamanda, ölkə iqtisadiyyatına güclü təkan verilməsi, yeni müasir innovasiya ekosisteminin formalaşdırılması, yerli və xarici investisiyaların ölkəyə cəlb olunması, yerli startaplara dəstək göstərilməsi və daha səmərəli dövlət idarəetmə sisteminin yaradılmasıdır.
Dövlət xidmətlərində süni intellekt əsaslı həllərin tətbiqi, virtual köməkçilərin istifadəsi, milli hesablama infrastrukturunun yaradılması və tənzimləyici test mühitinin formalaşdırılması bu sahədə Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir.
Bütün bu proseslər milli maraqların qorunması və məlumat suverenliyinin təmin edilməsi prinsipləri əsasında həyata keçirilir. Milli Kibertəhlükəsizlik Agentliyinin yaradılması, informasiya infrastrukturunun qorunması, süni intellekt əsaslı kibermüdafiə mexanizmlərinin tətbiqi və kibergigiyena üzrə maarifləndirmə tədbirləri Azərbaycanın rəqəmsal təhlükəsizlik sistemini yeni səviyyəyə yüksəldəcək.
Rəqəmsal İnkişaf Şurasının ilk iclasında Birinci vitse-prezident Mehriban Əliyevanın irəli sürdüyü tezislər də bu baxımdan ciddi təhlill tələb edir. Mehriban xanımın “Biz yaranan risklərə hazır olmalıyıq” mesajı prosesin hərtərəfli təhlilindən və dövlət səviyyəsində hazırlıqların komleks şəkildə aparıldığından xəbər verir.
Həqiqətən də süni intellekt, texnoloji inkişaf bir sıra ölkələr üçün ciddi risklər formalaşdırır. Bu risklərin bir çoxu dövlətçilik, milli təhlükəsizlik, iqtisadi inkişaf və digər strateji istiqamətlər üzrədir. Bu baxımdan Birinci vitse-prezidentin “Biz xarici, beynəlxalq təcrübəni öyrənməli, uğurlu modellərdən istifadə etməliyik. Lakin bütün qərarlar Azərbaycanın milli maraqlarına və ehtiyaclarına cavab verən amillərə əsasən qəbul olunmalıdır” fikri önəmli mesajdır.
Bir sözlə, ölkə Prezidentinin Fərmanı ilə yaradılmış Şuranın ilk iclası, Fərmanda qeyd olunan istiqamətlər, Şuranın iclasında Sədrin səsləndirdiyi fikirlər rəqəmsal inkişafla bağlı siyasi iradənin olduğunun növbəti bariz nümunəsidir.






