LDPR Moskvada aksiya keçirib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Rusiyanın Liberal Demokrat Partiyası (LDPR) Moskvada Federal Antiinhisar Xidmətinin (FAS) qarşısında aksiya keçirərək əhaliyə 103 milyard rublun (təxminən 2,12 milyard manat) qaytarılmasını tələb edib.
Məlumata görə, FAS daha əvvəl 2024–2025-ci illərdə kommunal xidmətlər üzrə yanlış hesablamalar səbəbindən Rusiya vətəndaşlarının 100 milyard rubldan çox artıq ödəniş etdiyini açıqlayıb.
LDPR bununla bağlı FAS-a sorğu göndərərək artıq ödənilən vəsaitin birbaşa vətəndaşlara qaytarılmasını tələb edib.
Lakin antiinhisar qurumunun cavabında bildirilib ki, həmin vəsaitlər əhaliyə qaytarılmaq əvəzinə gələcək dövrlərdə kommunal tariflərin azaldılması yolu ilə kompensasiya ediləcək.
LDPR lideri Leonid Slutski FAS-ın cavabını formal adlandırıb.
Onun sözlərinə görə, qurum vətəndaşlara vəsaitin qaytarılması ilə bağlı konkret məlumat təqdim etməyib və yalnız gələcək dövrlərdə tarif artımının məhdudlaşdırılması nümunələrini göstərib.
Slutski hesab edir ki, artıq ödənilmiş məbləğlər tariflərin gələcəkdə azaldılması yolu ilə deyil, birbaşa vətəndaşlara qaytarılmalıdır.
Xuraman Etibarlı
İnterpress.az






