Şimali Kiprdə batan bərədə həlak olan rusiyalı qadın və həyat yoldaşının kimliyi müəyyənləşib.
İnterpress.az xəbər verir ki, bu barədə Şimali Kiprin Baş nazirlik aparatı məlumat yayıb.
Avqustun 30-da Girnə–Taşucu marşrutu üzrə hərəkət edən FILOJET bərəsinin qəzaya uğraması nəticəsində itkin düşən rusiyalı Yuliya Özcan və onun həyat yoldaşı Ayhan Özcanın kimliyi DNT ekspertizası ilə müəyyən edilib.
Yuliya Özcan Rusiya və Türkiyə vətəndaşı olub, ingilis dili və rus dili xaricilər üçün (RKI) müəllimi kimi çalışıb. Türkiyə vətəndaşı olan Ayhan Özcan isə “Akkuyu” Atom Elektrik Stansiyasının tikintisi layihəsində işləyib.
Cütlüyün qızı qəzadan sağ çıxıb və hazırda Türkiyədə rusiyalı qohumlarının yanındadır.
Bərədə 267 nəfər olub, onlardan 239-u xilas edilib. Bir aydan artıq davam edən axtarışlar nəticəsində 21 nəfərin öldüyü təsdiqlənib, daha 7 nəfər isə itkin düşmüş hesab olunur.
Bərənin gövdəsi təxminən 554 metr dərinlikdə aşkarlanıb. Sualtı axtarışlar zamanı gəminin “qara qutusu” da çıxarılaraq araşdırılması üçün Türkiyədəki mütəxəssislərə təhvil verilib.
Axtarış əməliyyatı davam edir.
Xuraman Etibarlı
İnterpress.az






