Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) qarşıdan gələn Zəfər Günü ilə əlaqədar “WhatsApp” platformasında yayılan saxta kampaniyalarla bağlı xəbərdarlıq edib.
İnterpress.az MKA-ya istinadən xəbər verir ki, platforma üzərindən istifadəçilərə Azərbaycan Prezidenti adından 100 manat məbləğində pul mükafatı veriləcəyi barədə tərkibində zərərli keçidlər (linklər) olan mesajlar göndərilir.
“MKA vətəndaşlara dövlət qurumları və rəsmi şəxslər adından şübhəli mesajlar, o cümlədən keçidlər aldıqda diqqətli olmağı, məlumatları rəsmi mənbələrdən dəqiqləşdirməyi tövsiyə edir. Onlardan bu cür hallarla qarşılaşdıqda Agentliyin rəsmi veb-saytı (www.nca.az) vasitəsilə məlumat vermələri xahiş olunur”, – məlumatda qeyd olunub.






