İnterpress.az xəbər verir ki, iki gündür ki, yerli və xarici KİV hay-küylə “Time” jurnalının ABŞ-dakı son prezident seçkilərinin qalibi D.Trampı “ilin adamı” elan etməsindən yazır. Amma barmaqla sayılası media vasitəsi bu məsələdə iki məqama toxunub: Birincisi, niyə bir neçə gün öncə xarici KİV-lərdə “Time”ın “ilin adamı” nominasiyasına Hindistanın baş naziri Narendra Modinin layiq görüldüyü haqda məlumatlar yayıldığı halda D.Tramp qalib elan edildi. İkincisi, nədən Trampın məşhur jurnalın üz qabığındakı fotosunun üzərində “Parçalanmış Amerika Ştatları prezidenti” yazılıb.
Xarici medialardan birində Trampın “ilin adamı” seçilməsi ilə bağlı gözlənilməz açıqlama verilib. Belə bir nüfuzlu ada layiq görülməsinə səbəb kimi məşhur milyarderin noyabrın 22-də aparıcı KİV rəhbərləri ilə öz iqamətgahındakı görüşündə mediaya qarşı kəskin və təhqiredici çıxışları göstərilib. “Nyu-York Tayms” qəzetinin yazdığına görə, rəsmən prezident kürsüsündə əyləşməsinə iki aydan az vaxt qalmış bu Tramp tədbirdə əyləşən jurnalistlərin üzünə açıq mətnlə belə deyib:”Biz həmişə səhv edən yalançılarla, satılmış və qeyri-obyektiv KİV-lə dolu bir otaqda əyləşmişik…” Bu sözlər bütün əyləşənlərə ünvanlanıb. Heç kəs də cınqırını çıxarmayıb. Bunun ardınca Tramp “CNN” prezidenti Ceffi Zukeri adı ilə çağıraraq belə deyib:”Ceffi, “CNN”- yalançılar şəbəkəsidir və orada hamı yalan danışır…”
Artıq Amerikanın özündə də çoxları hesab edir ki, “Time” jurnalının rəhbərliyi Trampı ilin adamı elan etməsi ilə artıq kürsüyə əyləşməmiş sərt və gözlənilməz çıxişlarıyla ölkə və dünyadakı proseslərə böyük təsir göstərən yeni Ağ Ev rəhbərinə qılıqlanmaq məqsədi güdüb. Amma maraqlıdır ki, belə olduğu halda “Time” jurnalı niyə “ilin adamı” Trampı “Parçalanmış Amerika Ştatlarının prezidenti” kimi təqdim edib. Bu kinayədir, yoxsa?.. Bununla tərcüməsi “Zaman”(!) olan dünya şöhrətli jurnal nəyə işarə edir? Yoxsa “Zaman”ı idarə edənlər nəsə bilir və ya hiss edirlər?
Nə deyirsiz, deyin, ideyalar maddi gücə çevrilmək xüsusiyyətinə malikdir. (moderator.az)
İnterpress.az