Türkiyədə terror yenilik deyil. İstanbulda dekabrın 10-da Beşiktaş stadionu yaxınlığında baş verən terroru da növbəti terror hadisəs kimi dəyərləndirmək olar və qeyd edək ki, məsuliyyəti üzərinə götürən “Kürdüstan özgürlük şahinləri” deyilən PKK –nın bir qolu da faktiki olaraq 2004-cü ildən Türkiyə ərazisində terror törətməklə məşğuldur. Baxmayaraq ki, PKK –nın terroruna Tükiyə alışqandır , burda terrora xas olan bir əlaməti demək vacibdir. Bir müddət idi ki, xeyli insanın ölümü ilə nəticələnən terror hadisəsi olmurdu. Belə fasilədən sonra yenidən çoxsaylı ölümlə nəticələnən terror hadisəsinin baş verməsi, artıq adətdən, vəzifədən deyil, konkret yeni siyasi situasiyanın yarandığı ilə əlaqələndirmək, o cümlədən Türkiyənin, bəzən isə dünya güclərinin son siyasi addımlarına reaksiya kimi dəyərləndirmək lazımdır.
HDP başqanı Selaheddin Demirtaşın həbsindən sonra terror hadisələrinin olacağı gözlənilən idi. Beşiktaş terrorunda PKK-nın yeni stili də üzə çıxdı. 1982-ci ilindən bu yana PKK-nın törətdiyi terror aktlarında “canlı bomba” saldırısı xarakterik hal deyil. Suriya hadisələrindən sonra bu ölkədə fəaliyyət göstərən PYD örgütü PKK-nın bir qolu olsa da radikal islam terrorçularına xas olan “canlı bomba”ların hazırlanmasına xüsusi önəm verir. PKK-nın mərkəzi qərargahı Kandildən gələn təlimatların əsasında Türkiyə ərazisinə tez keçidi həyata keçirmək üçün “canlı bomba”ların hazırlanmasını Suriya ərazisində PYD-nin nəzarəti altında olan Kobaniyə keçirdi. “Abdulla Öcalan fədailəri”adı verilən canlı bombalara təlimlər Kobanidə verilir. Canlı bomba və yük avtomobillərindən istifadə etməklə terror həyata keçirilməsi son illərin ən populyar metodlarından birinə çevrilib və PKK-nın da belə təlimatlar verməsi Türkiyədə terrorun yeni fazaya daxil olduğuna işarədir. Bütün bunlar təhlükəsizlik qurumlarının fəaliyyətindəki zəif tərəfləri göstərsə də , terrorun Türkiyədə yalnız bir təşkilat tərəfindən deyil, bəzi dövlətlərin də arxasında dayanan digər terror təşkilatlarının da olduğunu nəzərə almaq lazımdır. MİT-in terrorla mübarizədə təcrübəsi kifayət dərəcədədir və son terror hadisəsindən 37 gün əvvəl 81 bölgə rəhbərlərinə xəbərdarlıq edilib ki, dəhşətli terror hadisəsi gözlənilir, insanların gur toplaşdığı yerlər xüsusi nəzarətə alınması təlimatları verilib. Amma, terrorçular adətən böyük şəhərləri hədəfə alırlar ki, həm terrorçu tez nəzərə çarpmasın , həm də tələfatın miqyası , ölü sayısı çox olsun.
Türkiyə siyasətinin prioritetləri Qərbdən uzaqlaşmaq xətti götürdükcə özlərini “demokratik mübarizlər” kimi təqdim edən PYD və PKK-çılar daha da fəallaşacaq , dəstəklərinin Qərbdən gələcəyinə əminlik hiss edəcəklər, zatən bu mənəvi dəstək özünü indiyədək də gizlətməyib. Rusiya və Çinə olan siyasi yaxınlaşma xətti Türkiyəyə strateji baxımdan uğur gətirməyəcək, istər iqtisadi, istər də təhlükəsizlik baxımından. Yada salaq ki, Abdulla Öcalan məhz İsrail və ABŞ-ın xüsusi xidmət orqanlarının köməyilə ələ keçirilmişdi. İnformasiya mübadiləsi, qabaqlayıcı məlumatların daxil olması təhlükəsizliyin qarantıdır. Türkiyənin xarici siyasət kursunda yanlışlıqlar var, Atatürk siyasi kursundan yayınmalar Türkiyəyə heç bir uğur gətirməyəcək , terror isə daim Türkiyənin gündəlik həyatına çevriləcək. (moderator.az)
İnterpress.az