İnterpress.az xəbər verir ki, hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib. Məhkəmə prosesində zərərçəkmiş kimi tanınan və hazırda həbsdə olan Nəsib Əliyevin bacanağı ifadə verib. Bildirək ki, Nəsib Əliyev tikinti sahəsində çalışıb və bir neçə şirkətin rəhbəri olub. O, Akif Çovdarov və adamlarına 350 min dollar verdiyini şikayətində yazıb.
A.Çovdarovun vəkili Sadiq Rəsulov musavat.com-a deyib ki, prosesdə şahid qismində zərərçəkmiş Nəsib Əliyevin bacanağı Elçin Xudiyev ifadə verərkən bəzi ziddiyyətli məqamlar olub. E.Xudiyev məhkəmədə Nəsib Əliyevə yüz min manat borca pul verdiyini deyib. Xudiyev həmin pulun 50 min manatını Nəsib Əliyevin oğlu Elton Əliyevin MTN-də saxlanılmamışdan əvvəl verdiyini və bu məsələyə adiyyatı olmadığını söyləyib. Vəkil Sadiq Rəsulov sözlərinə görə, Nəsib Əliyev məhkəmədəki ifadəsində bildirib ki, oğlu saxlanılan günün səhəri pulu MTN-də verib. E.Xudiyev isə məhkəmədə ifadə verən zaman bildirib ki, 50 min manatı Nəsib Əliyevə oğlu saxlanılandan bir neçə gün sonra verib.
E.Xudiyev istintaq zamanı ifadəsində isə deyib ki, Nəsib Əliyev ona pulu Akif Çovdarova verəcəyini deyib. Ancaq məhkəmədə sualları cavablandırarkən fərqli fikirlər bildirib və deyib ki, pulun kimə verilməsindən xəbərsiz olub. Xudiyev Akif Çovdarovu tanımadığını və heç vaxt görmədiyini deyib. O, ziddiyyətləri belə izah edib ki, istintaq zamanı verdiyi ifadəsini oxumadan imzalayıbmış.
Vəkillər jurnalistlərin suallatını cavablandırarkən zərərçəkmişlər də açıqlama vermək istədiklərini dirəyiblər. Jurnalistlərə açıqlama verən zərərçəkmiş şəxs, Nadir Feyziyev deyib ki, o, məhkəmədə sualları cavablandırıb və 350 min manat pulu iş adamı \”Yeni Yasamal\” MTK-nın rəhbəri Cahangir Alışovdan alıb və MTN əməkdaşı Alı Nəbiyevə verib.
Digər zərərçəkmiş, tikinti şirkəti rəhbəri Cahangir Alışov isə bildirib ki, iclasda Akif Çovdarov zərərçəkmiş şəxsləri dələduz adlandırıb. Zərərçəkmişlər də öz növbəsində Çovdarova cavab verib.
\”Biz də dedik ki, dələduzun kim olduğu bəllidir. Onun ləyaqəti olsa, başın qaldırıb adamların üzünə baxa bilməz. Məndən Masazırdakı balıqçılıq təsərrüfatına xərclədiyim pullarla bağlı sənədlər istədilər. Mən də həmin sənədləri təqdim etdim\” – deyə C.Alışov qeyd edib.
Məhkəmə prosesi fasilədən sonra davam edəcək.
Qeyd edək ki, Akif Çovdarovla birlikdə müttəhimlər kürsüsünə ləğv edilmiş MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanov da çıxarılıb. (musavat)
İnterpress.az