Məsələ ilə bağlı millət vəkili Zahid Oruc \”Ölkə.Az\”-da münasibət bildirib:
\”Azərbaycan müstəqilliyinin 26-cı ilinə keçmiş bir millət üçün milli kimliyin araşdırılması, yenidən ona qayıdılması problemi mövcud deyil və hər kəs də bunu qəbul edir. İranın da daxil olduğu Qafqaz, Türkiyə ərazisi, Anadolu və digər torpaqlar, onun tarixi, bu ərazilərdə məskunlaşan xalqların mədəniyyəti, siyasi həyatı, təsərrüfat fəaliyyəti, yaratdıqları dövlətlər beynəlxalq məkanda, mühüm qurumlar, təşkilatlar tərəfindən dəqiqliyi ilə, öz adı ilə, yəni türk deyə çağırılır, qəbul edilir və burada mübahisəyə yer qalmır.
Hazırki hərbi-siyasi reallıqdan çıxış etsək, ermənilər Azərbaycanı türk kimliyi ilə çağırırlar. Əslində bu yüz ildir ki, belədir. Bu fikir boş yerə yaranmayıb. Belə olan təqdirdə \”Azərbaycan siyasət adamlarının, parlament adamlarının bu məsələ ilə bağlı mövqelərində xəta və ya hansısa məqsəd varmı\” tipli sualları artıq hesab edirəm. Çünki, Arif Rəhimzadə özü sizin sayt vasitəsi ilə açıqlayıb və ona aydınlıq gətirib. Onu yəqin ki, media və cəmiyyət də anlayışla qarşılayacaqdır.
Biz bayrağımızı milli kimliyimizin əsasında yaratmışıq. Bayrağımızdakı 3 rəngi təsnifata ayıranda orada göy rəngin türkçülüyü ifadə etdiyini bilirik. 1995-ci ildə konstitusiya qəbulu zamanı geniş ictimai müzakirələrdən keçəndə də dil olaraq Azərbaycan dili sözü qəbul edilsə də, bu coğrafiyanın əsas titullu milləti məhz türklərdir. Vahid bir gendən gələn, vahid ağacın müxtəlif ərazilərə, ölkələrə, hazırda dövlətlərə ayrılmış hissəsidir. Ona görə də, türkdilli dövlət ifadəsindən daha çox, türk dövlətləri birliyi kimi ifadə yerinə düşərdi. Bununla bərabər açıq söyləsəm, hər kəsi məhz genetikasına görə tanımaq, etnik milli parçalanmalar yaratmağın da qəti şəkildə əleyhinəyəm. Söhbət ondan gedir ki, bu gün insanlara \”kimsən\” deyə sual verəndə 7 arxa dolananını, nəslini, şəcərəsini ortaya qoymağı yanlış sayıram. Mənim aləmimdə hansı millətə aid olduğunu müəyyənləşdirməyin düsturu mənəvi aləmlə, ruhla bağlıdır. Kim özünü hansı millətdən hiss edirə, o millətə məxsusdur. Düşmən içərisində elə adamlar var ki, Qarabağı Azərbaycan ərazisi kimi tanıyaraq, bizimlə normal münasibətlərin tərəfdarıdırlar. Mənim aləmimdə onun erməniliyi milli anlam daşımır. İkinci tərəfdən, dünyada bərkimiş, kristallaşmış, normalar var. ABŞ-a, İngiltərəyə, Almaniyaya getsəniz mənim dediyimlə qarşılaşacaqsınız. \”Nation\” ifadəsi milləti deyil, vətəndaşlığı ifadə edir. Yəni \”Amerikan nation\” Amerika millətini deyil, Amerika vətəndaşını ifadə edir. ABŞ-da yüzlərlə etnik milli kökənə malik olan insanlar nəhəng ABŞ dövlətini yarada biliblər və hər bir millətin daşıyıcısı çox rahatlıqla ABŞ rəhbərliyində təmsil oluna bilir.
Parlemantin son dərəcə dəyərli, ədalətli, imanlı şəxsinin ifadələrindən çıxarış edilməsinin əleyhinəyəm. Açıq söyləyirəm, Arif Rəhimzadə o parlament üzvlərindəndir ki, 100 dəfələrlə Azərbaycan mənafelərini çox ləyaqətlə, səriştə ilə qoruyub. Onun 99 dəfəsində heç zaman reklam rolikləri olmayıb, kameralar, mikrafonlar gəlsin, dayansın istəməyib. Bunu dəqiq bildiyim üçün deyirəm. Onunla xüsusi özəl bir münasibətimiz də yoxdur. Ədalət hissini gərək bu anda unutmayaq. Yaxşı fərqindəyəm ki, mediada, informasiya məkanında, sosial şəbəkələrdə o ifadələrdən dolayı \”mən türkəm\” deyə hayqıran insanlarımız var. Onları anlayışla qarşılayırıq.
Arif Rəhimzadə fikrinə aydınlıq gətirib. Arif Rəhimzadə deyir ki, vahid türk kökündən gəldiyimizi heç kəs dana bilməz, ancaq biz azərbaycanlıyıq\”.
Qeyd edək ki, Arif Rəhimzadə \”Ölkə.Az\”-a verdiyi açıqlamada deyib ki, Rusiya parlamentinin bir qrup üzvü Azərbaycana səfərə gəlmişdi. Həmin iclasda mən deməmişəm ki, biz türk deyilik. Bununla bağlı fikirlərim təhrif olunub. Mən demişəm ki, biz etnik cəhətdən türkük, ancaq xalq kimi azərbaycanlıyıq.
İnterpress.az