O, videomüraciətdə bildirib ki, hamiləliyinin axırıncı ayına daxil olub və bir aydan sonra doğmalıdır. Lakin onun ailəsinin həkim xidmətləri üçün tələb olunan 700-800 ABŞ dollar vəsaiti yoxdur. Onun sözlərinə görə, ailəsi Rusiyada yaşayıb və ərinin səhhətindəki problemlə əlaqədar olaraq bir il əvvəl Azərbaycana gəliblər. Onun azərbaycanlı əri əvvəllər Rusiyada tikintidə işləyib, amma səhhəti buna imkan vermədiyindən vətənə qayıdıblar. Qadın özü isə dekretdə olduğu üçün işləyə bilməyib. Bir ildən çoxdur ki, Bakıda ərinin ailəsinin yanında yaşayırlar və ailənin maddi vəziyyəti çətindir.
KİV-in məlumatına görə, Marinenko düşdüyü vəziyyətlə bağlı Rusiyanın Bakıdakı diplomatik nümayəndəliyinə müraciət edərək yardım istəyib.
İnterpress.az xəbər verir ki, Rusiyanın Azərbaycandakı səfirliyindən Sputnik Azərbaycan-a bildiriblər ki, onlarda Marinenko ilə bağlı heç bir məlumat yoxdur.
Rusiya vətəndaşının videomüraciəti isə bir qədər qəribədir. Çünki orada qadın hansı klinikaya və hansı həkimə müraciət etdikləri barədə heç bir məlumat vermir.
Rusiya vətəndaşının şikayətini şərh edən Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Azərbaycanın səhiyyə sistemində xidmət pulsuzdur. Əgər kimsə hansısa həkimdən, yaxud klinikadan şikayətçidirsə, nazirliyin qaynar xəttinə zəng edə bilər. Bütün müraciətlərə vaxtında baxılır.
İnterpress.az