Aksiyada Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı zamanı qətlə yetirilmiş azərbaycanlıların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Aksiya iştirakçıları turistlərlə dolu meydanda Azərbaycanın Dağlıq Qarabağ bölgəsində
və onun ətrafındakı 7 rayonda Ermənistan silahlı qüvvələrinin apardığı etnik təmizləmə siyasətindən, Xocalı qətliamından danışıblar. Ermənistan Prezidenti Serj Sarkisyanın Parisə səfərinə etiraz bildirilib, onun əlinin qana batdığı, günahsız qadınların, uşaqların və qocaların qətlə yetirilməsinə birbaşa əmr verdiyi, münaqişə zamanı mülki şəxslər üçün humanitar dəhlizin yaradılmadığı vurğulanıb.
Ermənistan Prezidentinin mətbuatda Xocalı soyqırımının törədilməsinə əmr verdiyini dəfələrlə xatırladaraq təsdiqlədiyi bildirilib. Qeyd edilib ki, S.Sarkisyan beynəlxalq məhkəmə qarşısında cavab verməlidir.
Ermənistanın ərazilərimizin 20 faizini işğal etdiyi, BMT Təhlükəsizlik Şurasının, eləcə də digər nüfuzlu beynəlxalq təşkilatların qətnamə və qərarlarına riayət etmədiyi, doğma yurdundan didərgin düşən bir milyondan çox azərbaycanlının hüquqlarını pozduğu diqqətə çatdırılıb. Vurğulanıb ki, Avropa İnsan Hüquqları Məhkəməsi də Ermənistanın Avropa İnsan Hüquqları Konvensiyasına riayət etmədiyini dəfələrlə vurğulayıb. Belə bir vəziyyətdə insan hüquqlarının beşiyi olan Fransada Sarkisyan kimi qatillərə yer olmamalıdır. Ermənistan lobbisinin ölkəmiz əleyhinə saxta informasiyalar yayması dayandırılmalıdır.
Aksiyada iştirak edən həmvətənlərimiz bir neçə xarici dildə “Xocalıya ədalət!”, “Qarabağ Azərbaycanındır!”, “Qarabağa azadlıq!”, “Qarabağ bizimdir, bizim olacaq!”, “Xocalı soyqırımını tanıyaq!”, “Ermənistan torpaqlarımızı qeyri-qanuni olaraq zəbt edib”, “Ermənistan torpaqlarımızı qaytarmalıdır!”, “Ermənistan, Azərbaycan torpaqlarından çıx!”, “Yalana yox deyək!”, “Sarkisyan terroristdir!”, “ASALA terroristdir!”, “Sarkisyan diktatordur!”, “Ermənilər, yalanlara son qoyun!”, “Sarkisyan qatildir!”, “Sarkisyanın yeri məhkəmədir!” kimi şüarlar səsləndiriblər.