Novruz Bayramı xeyli əsrlərdir xalqın yaddaşında qalan və günümüzədək yaşanan ən maraqlı bayramlardan biridir. Ancaq sizi bilmirəm, mən artıq bu bayramın dəqiq vaxtını qarışdırmışam. Burada anlaşılmayan bir detal var. Artıq bir aya yaxındır ki, hamı bayram münasibəti ilə bir-birini təbrik edir. Belə anlaşılır ki, Novruz Bayramı bir neçə kiçik bayramın məcmusudur. Bildiyim qədər ayın 21-dən 22-sinə keçən gecə Yazın gəlişi legitimlik qazanır və Bayram statusu da məhz bu gün nəzərdə tutulur. Bayrama qədərki çərşənbələr də olsun bayrama hazırlıq kursları. Hələ bayramdan sonra da tut yetişənə qədər təbrik kampaniyası davam etməlidir, beləcə bir aydan artıq bir müddətdə işimiz-gücümüz bir-birimizi təbrik etmək olur. Elə bil xəstəlikdir, bir yası üçdən, yeddidən qırxa, qırxdan da ilə qədər uzadırıq, təqribən ona bənzər şəkildə bayramı da bir ay boyunca uzada-uzada gedirik. Allaha şükür, onsuz da 9 gün dünyanın bu qarışıq vaxtında özümüzə bayram istirahəti də veririk, elə bilirəm ki, bu minvalla kədərimizlə sevincimizin dozası həmişə sanki əndazədən çıxmış olur. Bayrama görə təbrik etmək yaxşı işdir, xeyir-bərəkət diləmək də bir gözəllikdir, ancaq gözləyək ayın 21-də Yaz gəlsin, Bayram başlasın, vaxta qənaət edib hamını bir dəfə təbrik edib işi yekunlaşdıraq.
Fazil Mustafa
Millət vəkili
İnterpress.az