40 yaşlı Aleksey Navalnı hökumət korrupsiyasına qarşı etiraz aksiyasında polis zabitinə müqavimət göstərdiyinə görə 15 gün müddətinə həbs edilib.
\”Siz on minlərlə insanı həbs edə bilməzsiniz\” – deyib Navalnı məhkəmə zalında.
Buna baxmayaraq ötən həftəsonu Rusiya boyunca keçirilən icazəsiz etiraz aksiyalarının ardınca 1000-dək nümayişçi saxlanıb.
Onlar Navalnının tərtib etdiyi hesabatda göstərildiyinə görə korrupsiyaya bulaşmış baş nazir Dmitri Medvedevin istefasını tələb edirdilər.
Medvedevin sözçüsü bu iddiaları \”şərhinə ehtiyac olmayan təbliğat hücumu\” adlandırıb.
Sözçü deyib ki, Navalnı seçki ərəfəsində özünü reklam edir.
Polis Navalnının antikorrupsiya qrupunun ofisində daha 17 nəfəri həbs edib. Bu qrup etiraz aksiyalarını internetlə canlı yayınlayırdı.
Bazar ertəsi məhkəməyə gətirələn Navalnı tərəfdarlarına tvit yazıb: \”Bizim də onlara məhkəmə quracağımız gün yaxınlaşır\”.
Ötən bazar günü keçirilmiş etiraz nümayişi 2011 və 2012-ci il aksiyalarından bu yana Putin hökumətinə qarşı ən böyük etirazdır.
Lakin 5 il bundan əvvəl olduğundan fərqli olaraq budəfəki etirazlar ölkə boyunca Novosibirsk, Yekaterinburq və Vladivostok kimi böyük şəhərlərdə yer alıb.
Kreml Navalnı və tərəfdarlarını məktəbliləri şirnikləndirərək təxribata çəkməkdə ittiham edir.
Kremlin sözçsü Dmitri Peskov deyib ki, hökumət adamların öz mövqelərini nümayiş etdirməsinə hörmətlə yanaşır, lakin eyni hörmət adamları şüurlu şəkildə çaşdıran və qanunsuz hərkətlərə cəlb edənlərə şamil oluna bilməz.
Bazar günü keçirilmiş aksiyanın coğrafi genişliyi barədə suala cavab verərkən Peskov deyib ki, Kreml etirazların miqyası barədə aydın təsəvvürə malikdir və bunu nə kiçiltmək, nə də şişirtmək niyyətində deyil.
Avropa İttifaqı aksiyada həbs olunanların dərhal azad edilməsinə çağırıb.
Cənab Navalnı gələn il keçiriləcək prezident seçkisində Vladimir Putinə qarşı mübarizə aparmaq niyyətindədir.
Lakin müxalifətçiyə çevrilmiş hüquqşünas Navalnı barəsində fırıldaqçılıq ittihamı ilə məhkumluq qüvvədədir və bu, onu seçkidə iştirakdan məhrum edə bilər.
Rəy sorğuları onun Putinə qalib gəlmək şansının çox az olduğunu göstərir, lakin onun tərəfdarları ümid edirlər ki, yüksək səviyyəli korrupsiyaya qarşı ictimai qəzəbi seçki səslərinə çevirə biləcəklər. (bbc)
İnterpress.az