Bunu Saatlıda keçirilən müşavirədə Prezident İlham Əliyev deyib.
Dövlət başçısı bildirib ki, bu gün pambıqçılığın inkişafı artıq reallıqdır və 2016-cı il dönüş ili olub:
“Ancaq bu il biz daha da ciddi hazırlaşmışıq. Bu il bütün aqrotexniki tədbirlər ən yüksək səviyyədə təşkil edilmişdir. Bu gün mən Saatlı rayonunun bir pambıq tarlasında oldum. Orada da artıq biz səpinə rəsmi start verdik. Ən müasir texnika alınıb, lazım olan bütün avadanlıq, gübrələr, dərmanlar, hər şey hazırdır. Əlbəttə ki, bu il biz daha da böyük məhsul gözləyirik”.
“Pambıqçılığın ölkə iqtisadiyyatına çox böyük xeyri var. Bu, ölkəmizə valyuta gətirir və pambıq elə bir məhsuldur ki, dünya birjalarında satılır. Ona görə, pambığın və mahlıcın satışı üçün bazarları aramaq lazım gəlmir və bu, əlbəttə ki, böyük üstünlükdür. Eyni zamanda, pambıqçılıq əməktutumlu kənd təsərrüfatı sahəsidir. Keçən il pambıqçılığa 10 minlərlə insan cəlb edilmişdir. Bu il bu rəqəm daha da böyük olacaq. Bölgələrdə məşğulluğun artırılması baxımından pambıqçılığın çox böyük xeyri var. Bunu artıq pambıq əkən bütün rayonların ictimaiyyəti və vəzifəli şəxslər yaxşı bilirlər, görürlər ki, bu gün bu rayonlarda işləmək istəyən, ancaq hələ işsiz qalan vətəndaş özü üçün iş tapa bilər”-deyə prezident bildirib.
İnterpress.az