Bunu AzNews.az-a açıqlamasında Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin sədr müavini, YAP İcra Katibliyinin Siyasi Təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə Prezident İlham Əliyevin Saatlıda pambıqçılığın inkişafı məsələlərinə dair keçirdiyi respublika müşavirəsini şərh edərkən deyib. O, bildirib ki, bu pambıqçılığın inkişafı ilə əlaqədar keçirilən ikinci müşavirədir:
Qarşıdan yaz-tarla işləri gəlir. Bu müşavirənin keçirilməsi bir çox vacib məsələlərin vaxtında həll edilməsinə gətirib çıxaracaq. Pambıqçılıq ənənəvi kənd təsərrüfatı sahəsidir. Bununla bağlı Azərbaycanın böyük təcrübəsi var. Bu sahə uzun müddətdir ki, istifadədən kənarda qalan torpaqların dövriyyəsinə, insanların gəlirlərinin artmasına, yeni iş yerlərinin açılmasına yol açacaq. Ən əsası isə pambıqçılıq digər istehsalat sahələrinin də inkişafına gətirib çıxaracaq.
Aydın Mirzəzadə hesab edir ki, pambığın dünya bazarında satışını təmin etməklə Azərbaycana valyuta da gətirmək mümkün olacaq:
Göründüyü kimi bu sahənin inkişafı bir çox sosial, iqtisadi, strateji məsələlərin həllinə gətirib çıxaracaq. Əsas prinsip sosial məsələlərin həll edilməsi, Azərbaycan vətəndaşının yaxşı yaşamasıdır.
İnterpress.az