Bayram günlərində ölkə müxalifətinin mitinq məsələsi yenidən gündəmə gəldi. Bir sıra siyasi partiyalar aksiyalara başlamaq üçün münbit şəraitin yetişdiyini, sosial tələblərin buna əsas verdiyini bildirdi. Öncə Milli Şura mitinq anonslarını verdi. Ardınca digər qurumların funksionerlərinin dilindən də oxşar fikirlərə rast gəldik.
Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) təsisçisi, hazırda xaricdə yaşayan Emin Hüseynov və digər ictimai fəallar müxalifət partiyalarına müraciət edərək, siyasi qurumları siyasi məhbusların azadlığı tələbi ilə mitinqlər keçirməyə çağırdılar. Partiyaların çağırışlara münasibətlərinin müsbət olduğu göründü. Konkret zaman təyin olunmasa da, qarşıdakı günlərdə aksiyaların vaxtının təyin olunacağını təxmin etmək mümkündür. Hər halda, aparılan müzakirələr belə deməyə əsas verir. Müsavat daxilində də mitinq müzakirələri başlayıb. Partiyanın 27 martdakı Divan iclasında bu məsələ müzakirə edilib və Belarus, Rusiyadakı aksiyalara həmrəylik ifadə edilib.
Mitinq məsələsinin gündəmə gəlməsi ilə eyni günlərə təsadüf edən Rusiyadakı aksiyalar də gündəmin müzakirə mövzularından biridir. Azərbaycan müxalifətinin mitinq anonslarını indiki vaxtda verməsinin təsadüf olmadığı vurğulanır. Hətta həmin qurumları Rusiya müxalifəti ilə bağlayanlar da var.
Müxalifətin böyük bir kəsimi də var ki, hələ mitinq müzakirələrinə qatılmayıb. Həmin qurumlardan biri olan Ümid Partiyasının sədri İqbal Ağazadə hər bir partiyanın mitinq keçirmək hüququnun olduğunu söylədi: “Aksiyalar konstitusiya ilə partiyaların seçici ilə təması üçün vasitələrdən biridir. Heç bir partiyaya niyə mitinq keçirirsən, yaxud keçirmirsən kimi suallar ünvanlamaq doğru deyil. Siyasi partiyalar bu məsələlərdə azad, sərbəstdirlər. Amma əsaslandırmalar bir az məntiqdən uzaqdır. İndiki vaxtda optimal şəraitin olması kimi fikirlər doğru deyil. Çünki optimal şəraitə qalsa, xeyli vaxtdır bu şərait var. Niyə o zaman deyil, məhz indi? Bunlar da onların cari işləridir, qarışa bilmərəm. Partiya olaraq, bizə uyğun olan zaman, o cümlədən, seçiciyə uyğun olan vaxt bu tipli addımlardan istifadə edirik, edəcəyik də. Bundan sonra da qərarı özümüz verəcəyik. Amma hansısa bir partiya edirsə, buna qarşı da deyiləm. Bizə bu barədə müraciət olarsa, partiyanın səlahiyyətli qurumları bunu müzakirə edərlər. O partiyalar keçirirsə, hesab edirlər ki, optimal şəraitdir, bu onların baxış bucağıdır, buna hörmətlə yanaşıram”.
ADP sədri Sərdar Cəlaloğlu bildirdi ki, Rusiyada baş verən hadisələrdən təsirlənib, Azərbaycanda da bu tipli vəziyyət yaratmağın əleyhinədir: “Biz müstəqil dövlətiksə, siyasi partiyalar kimi işlərimizi tamamilə müstəqil şəkildə qurmalıyıq. Rusiyada mitinqlər oldu, biz də edək, yaxud olmadı, biz də etməyək kimi düşüncələr tamamilə yanlışdır. Aksiyalar üçün əsas olmalıdır. İndi ölkəmizdə nə baş verib ki? Rusiyada korrupsiya əleyhinə aksiyalar başlayan kimi Milli Şura da mitinqdən danışmağa başladı. Bu tipli müzakirələr birbaşa Rusiyada baş verən hadisələrdən qaynaqlanır. Əgər Qərbdə, yaxud keçmiş SSRİ məkanında demokratiya ilə bağlı hansısa proses başlasaydı, bunu haradasa başa düşüb, Azərbaycanda da nələrsə etməyə çalışa bilərdik. Rusiyadakı şərtlərlə buradakı şərtlər tamamilə fərqlidir. Fərqləri görməyi bacarmalıyıq. Amma bütövlükdə konstitusiya ilə kim istəsə, aksiya keçirə bilər. Şəxsən mən indiki vaxtda xalqdan bu tələbləri görmürəm. Əgər görsəm, özümüz keçirərik. Mitinq keçirmək istəyənlərin müraciətlərində deyirlər ki, biz mitinq keçirsək gələrsiniz? Yəni onların özləri də bilmirlər ki, xalq gələcək ya yox. Nəticəsini görmədiyin işi necə görə bilərsən? İctimai rəy öyrəniləndən sonra mitinq qərarı verilməlidir. Müxalifət xalqın tələblərinin yerinə yetməsi üçün mitinqləri təşkil etməlidir. Xatırlayırsınızsa, keçən dəfə həmin Milli Şura mitinq təyin etdi, sonradan da onu təxirə saldı. Adını da qoydular ki, xalq mitinqə gəlmir, ona görə təxirə saldıq. Azərbaycan tarixində ilk idi ki, bir siyasi qüvvə mitinq qərarı verir və sonradan qərarını özü ləğv edir. Mitinqdə xalqın iradəsi əsas olmalıdır, demokratiya bunu tələb edir. Hökumət deyilsən ki, insanları zorla mitinqə gətirəsən”. (musavat)
İnterpress.az