Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, ərizə verən bakalavrlar imtahanda iştirak etmək üçün DİM-in internet saytına daxil olub “şəxsi kabinet”in istifadəçi adı və parolundan istifadə etməklə “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər. Burada iştirakçının imtahan verəcəyi şəhər, bina və digər məlumatlar qeyd olunur.
Namizədlər imtahana gələrkən aşağıda göstərilən sənədləri mütləq özləri ilə gətirməlidirlər:
– Şəxsiyyəti təsdiq edən sənədin əslini;
– “İmtahana buraxılış vərəqəsi”ni.
Göstərilən sənədləri arasında uyğunsuzluq olan, yaxud həmin sənədlərdən biri olmayan şəxslər imtahana buraxılmayacaq.
Hal-hazırda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilir. Bütün imtahan binaları yoxlanılır, zallarda abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılır. Təhlükəsizliyin təmin edilməsi məqsədilə aprelin 8-də imtahan mərkəzləri, zallar, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə veriləcək.
Magistratura səviyyəsinə qəbul imtahanı Respublikanın 5 şəhərində – Bakı, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəran şəhərlərində, ümumilikdə 39 imtahan mərkəzində aparılacaq.
İmtahan bütün binalarda eyni vaxtda – saat 13:00-da başlanır.
Məlumat üçün bildirək ki, ərizələrin qəbulu internet vasitəsilə martın 10-dan 28-dək aparılıb. İmtahanda iştirak etmək üçün 13081 bakalavr ərizə təqdim etmişdir. Onlardan 11817 nəfəri Azərbaycan bölməsi, 1264 nəfəri rus bölməsi üzrə imtahan verəcəkdir. Ərizə verənlərin 5640 nəfəri oğlan, 7431 nəfəri isə qızlardır. Bakalavrlardan 7281 nəfəri cari ilin, 5800 nəfəri isə əvvəlki illərin məzunlarıdır. 25 nəfər xarici ölkə vətəndaşıdır.
Qəbul imtahanı Bakı şəhərində 32, Gəncə şəhərində 4, Naxçıvan, Mingəçevir və Lənkəran şəhərlərinin hər birində 1 binada təşkil olunacaq. Bakıda 11116, Naxçıvanda 346, Gəncədə 1074, Mingəçevirdə 345, Lənkəranda 200 bakalavrın imtahan verəcəyi gözlənilir.
İmtahanın idarə olunmasına 126 imtahan rəhbəri, 1208 nəzarətçi-müəllim cəlb olunacaq.
Rezidenturaya qəbul imtahanı Bakı şəhərində 2 binada – Azərbaycan Tibb Universitetinin I və V tədris binaları, eləcə də Naxçıvan şəhərində 1 binada – Naxçıvan Dövlət Universitetinin Hüquq korpusunda keçirilir və imtahan bütün binalarda eyni vaxtda – saat 13:00-da başlanır.
İmtahanda iştirak etmək üçün ərizə qəbulu internet vasitəsilə 2017-ci il martın 10-dan 28-dək aparılıb. 1077 namizəd elektron ərizə doldurub və təsdiq edib. Onlardan 694 nəfəri qız, 383 nəfəri isə oğlanlardır. 925 namizəd Azərbaycan bölməsinin, 152 namizəd rus bölməsinin, 471 namizəd cari ilin, 606 namizəd isə əvvəlki illərin məzunudur.
Bakı şəhərində 1027, Naxçıvan şəhərində isə 50 namizədin imtahan verməsi nəzərdə tutulur. İmtahanların idarə olunması üçün 14 imtahan rəhbəri, 129 zal nəzarətçisi ayrılıb.
İnterpress.az