Vətəndaş İlqar Bəşirov tərəfindən “Ölkə.Az”-a edilən şikayətdə qeyd olunur ki, DSMF-nin Salyan rayon şöbəsində fiziki şəxsə qanunsuz olaraq 8 ay üçün cərimə yazılıb:
“Mən fiziki şəxsəm və rayonda fəaliyyət göstərirəm. Qanunda göstərilir ki, fiziki şəxs gəlir əldə etdiyi aylar üçün Sosial Müdafiə Fonduna ödəmə etməlidir. Mən fiziki şəxs kimi 2017-ci ilin fevralında qeydiyyata alınmışam, yalnız həmin ilin fevral və aprel aylarında gəlir əldə etmişəm. Digər aylarda isə heç bir fəaliyyətim olmayıb. İndi DSMF-nin Salyan rayon şöbəsi qanunun tələblərindən məlumatsız olmağımdan və yaxud digər səbəblərdən sui-istifadə edərək, mənə 8 ayın pulunu, yəni 156 manat cərimə yazıb. Əslində isə mənə yalnız fəaliyyət göstərdiyim 2 ayın vergisini yazmalıdır. Bu da 17,4 manat vəsait edir”.
Məsələ ilə bağlı DSMF-nin Salyan rayon şöbəsi ilə telefon əlaqəsi saxlasaq da, zənglərimizə cavab verən olmayıb.
İnterpress.az