İnterpress.az Apa-ya istinadən xəbər verir ki, bunu bu gün Brüsseldə keçiriləcək “Şərq tərəfdaşlığı” sammiti ilə əlaqədar Böyük Britaniyanın Avropa və Amerika məsələləri üzrə dövlət naziri Alan Dunkan deyib.
O qeyd edib ki, Britaniya ilə Azərbaycanın mədəniyyət və təhsil sahələrindəki əlaqələri yüksək sürətlə inkişaf edir: “Azərbaycanda daha çox gənc insan ingilis dilini öyrənmək, Britaniya universitetlərində təhsil almaq və yaxud da Azərbaycanda fəaliyyət göstərən 450 Britaniya şirkətlərinin birində çalışmaq istəyir. Əminəm ki, insanlar arasındakı əlaqələr həmçinin incəsənət, ədəbiyyat, musiqi, ali təhsil və idman sahələrindəki əməkdaşlığımız genişləndikcə, inkişaf edəcək. Biz gələcəklə bağlı ambisiyalı hədəfləri qarşımıza qoymalıyıq. Biz Azərbaycana müasir, özünə əmin, çiçəklənən, liberal və demokratik ölkə kimi dünyada öz yerini tutmağa kömək etmək istəyirik. Ona görə də hesab edirik ki, Azərbaycanın Avropa İttifaqı ilə daha sıx əməkdaşlığı Azərbaycan əhalisi üçün çox vacib islahatların gerçəkləşməsində önəmli addım olacaq”.
Qeyd edək ki, bu gün Brüsseldə keçiriləcək “Şərq tərəfdaşlığı” sammitində Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ukrayna və Ermənistan, habelə Avropa İttifaqı ölkələrinin rəhbər şəxsləri ilə xarici işlər nazirləri iştirak edəcək.
İnterpress.az