Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin məlumatına görə, görüşlər zamanı dövlət sərhədində, dövlət sərhədindən buraxılış məntəqələrində və Xəzər dənizində şərait, habelə onun növbəti dövrdə inkişaf tendensiyaları barədə fikir mübadiləsi aparılıb.
Sərhəd təhlükəsizliyinə təhdidlərə, o cümlədən beynəlxalq terrorçuluğa, narkotik vasitələrin qanunsuz dövriyyəsinə, qaçaqmalçılığa, qeyri-leqal miqrasiyaya və digər transsərhəd cinayətlərə qarşı birgə mübarizənin aparılmasının vacibliyi qeyd edilib.
“Ermənistan tərəfindən 20% torpaqlarının işğalı nəticəsində Azərbaycan-İran sərhədinin 132 km hissəsinin nəzarətsiz qalmasının ciddi narahatlıq doğurması İran tərəfinin diqqətinə çatdırılıb”, Mətbuat Mərkəzinin məlumatında deyilir.
Tərəflər eyni zamanda “Şimal-Cənub” nəqliyyat dəhlizinin tərkib hissəsi kimi “Astara” dəmir yolu buraxılış məntəqəsinin fəaliyyətinin təşkili, yüklərin və nəqliyyat vasitələrinin sərhədkeçmə prosedurlarının sadələşdirilməsi və sərhəd təhlükəsizliyi tədbirlərinin gücləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparıb. Hər iki ölkə vətəndaşlarının rahat səyahət etməsi, o cümlədən turizmin inkişafı məqsədi ilə “Astara” və “Biləsuvar” dövlət sərhədindən buraxılış məntəqələrinin iş vaxtının uzadılmasının məqsədəuyğunluğu qeyd olunub.
Əvvəlki illərə nisbətən 2017-ci ildə dövlət sərhədindən keçən şəxslərin və nəqliyyat vasitələrinin həcminin artması, sərhəd pozma hallarının isə iki dəfə azalması vurğulanıb.
İnterpress.az