DAK-ın Mətbuat Xidmətindən İnterpress.az-a daxil olan xəbərə görə, ötən gün Dünya Azərbaycanlıları Konqresi ilə Vətəndaş Həmrəyliнш Partiyasının (VHP) birgə təşkilatçılığı ilə Güney Azərbaycan Milli Hökumətinin 70-ci ildönümünə həsr olunmuş \”Güney Azərbaycanın dünəni və bu günü\” adlı elmi konfrans keçirilib.
\”21 Azər hərakatı\” nın , \” Güney Azərbaycan Milli Hökümətinin 70 illik yubileyinə hazırlıq kimi keçirilən konfransın digər bir qayəsi də “İran” qəzetinin Azərbaycan türklərini təhqir etməsinə etiraz olaraq Təbriz və Güney Azərbaycanın digər şəhərlərində 2006-cı il mayın 22-də başlanan “Xordad” hərəkatının 9-cu ildönümünün yad edilməsi olub.
Tanınmış siyasilərin, müxtəlif qeyri- hökümət təşkilatlarının, elmi müəssisə rəhbərlərinin, elm adamlarının, milli aydınların və gənclərin qatıldığı konfransı giriş sözü ilə DAK həmsədri, millət vəkili Sabir Rüstəmxanlı açıb.
Güney Azərbaycan Milli Hökümətinin himni ilə başlanan tədbirdə həm bu hadisələrdə, həm də bütün azadlıq mücadilələri boyu on minlərlə qurban vermiş millətimizin bütün şəhidliyinin, eləcə də son günlərdə Bakının Binəqədi rayonunda baş verən yanğında həlak olanların xatirəsı bir dəqiqəlik sükutla yad edilib.
Binəqədidə baş verən faciəli olayla bağlı acısını bildirən Sabir Rüstəmxanlı vaxtı öncədən təyin olunmuş bu tədbirin belə bir zamanda keçirilməsinə aydınlıq gətirib. Son 200 illik dövründə faciələrin \”zənginlik\” təşkil etdiyi tariximizdə bu hadisələrin bir növ zəncirvarı olduğunu vurğulayan DAK həmsədri itkilərin, mərhumiyyətlərin bir-birilə əlaqəsindən danışıb. Onların bir-birindən ayrılmaz olduğunu söyləyən millət vəkili konfransın əsas məqsədlərindən birinin bu sıralamada mühüm çəkisi olan, ciddi iz buraxmış \”21 Azər hərəkatı\” nın bu il dekabrda qeyd ediləcək 70 illik yubileyinə hazırlıq olduğunu bildirib.
\”Toplaşmaqda məqsədimiz odur ki, Güney Azərbaycan Demokratik Firqəsinin birillik hakimiyəti dövründə əldə etdiyi uğurlu nəticələri yada salaq, hamımız birlikdə müzakirə edək, dostlar təklif versin ki, biz bu il nə edək, necə edək ki, həmin tarix yenidən canlansın, xüsusilə bizim ordakı xalqımız hiss eləsin ki, hər şey onların öz iradəsindən asılıdır. Çünki, o vaxt Tudə partiyası başda olmaqla digər partiyalar, xüsusilə ermənilərin başçılıq etdiyi separatçılar İranda Azərbaycan milli hərakatını boğmağa çalışırdılar. Lakin, buna baxmayaraq millət o zaman iradəsini ortaya qoydu və öz hökümətini yaratdı. Bəlli aşkar səbəblərdən cəmi bir il yaşasa da, bu milli hökümət bütün dünyaya sübut elədi ki, Azərbaycan xalqı öz vəziyyəti etibari ilə demokratiyaya hazır olan, nəinki, özünü , həm də ərazisində yaşayan digər xalqları da idarə etməyi, onlara da demokratik şərait yaratmağı bacaran bir millətdir\”.
Millət vəkili qeyd edib ki, dünya dövlətlərinin xəyanəti nəticəsində məğlub olan Milli Hökumət Güneydə azadlıq mübarizəsində önəmli rol oynayıb. “Son dövrlər bəzi qüvvələr ümidsizlik toxumu səpməyə çalışır, elə bir fikir formalaşdırılır ki, Azərbaycan böyük dövlətlərin yardımı olmadan, yaxud hardansa icazə almadan nə müharibəni qazana bilər, nə Qarabağ məsələsini həll edə bilər, nə öz içində normal seçkilər keçirə bilər, nə normal bir hakimiyyət qura bilər və nə də hakimiyyətləri vaxtı- vaxtında dəyişə bilər. Bunlar hamısı bizi ümiddən salmağa hesablanmış əks təbliğatlardır. Bunun bir ucu Avropadan, bir ucu bəlkə, başqa qitələrdən, bir ucu da qonşumuz İrandan gəlir. Çünki, İran bu illər ərzində tarixi saxtalaşdırmaq, Azərbaycan türklərini aşağılamaq istiqamətində o qədər rəzalətli işlərlə məşğul olub ki, istər -istəməz bu millətin inamına mənfi təsir göstərib. Biz bunun qarşısına millətimizin gücünü qoymalıyıq. Biz bunun qarşısına illər uzunu davam edən öz hərakatımızı, öz mübarizəmizi qoymalıyıq. Biz quzeydəki Azərbaycan ziyalılığı, Azərbaycan intelegensiyası, Azərbaycanın aydın düşünən insanları, siyasi partiyaları, QHT-ləri bu məsələnin gündəmdən çıxarılmasına yol verməməliyik. Bəzən bizə Don -Kixot kimi də baxırlar. Xüsusən də, Dünya Azərbaycanlıları Konqresi olaraq Güney Azərbaycanla bağlı tədbirlər keçirəndə, söyləyirlər ki, \”heç bunun yeridi; burda Qarabağ savaşı var, burda müharibə məsələsi var\”. Bunların qətiyyən bir-birinə maneçiliyi yoxdur. Əslində bu məsələlər dolayı yolla bir-birinə bağlıdırlar və bir-birinə güc verirlər. Əgər mübarizə gedirsə bunlar bir-birinə qanad verir, bir- birinin həyata keçməsinə yardımçı olur. Bəzi qüvvələr ümidsizlik toxumu səpməyə çalışsalar da biz Güney məsələsinə artıq uduzulmuş məsələ kimi baxa bilmərik\”.
Konfrans DAK Məşvərət Məclisinin üzvü , AMEA- nın Ziya Bünyadov adına Şərqşünaslıq institutunun elmi əməkdaşı, Güney Azərbaycan Elmi Araşdırmalar Şöbəsinin sabiq rəhbəri professor Əkrəm Rəhimlinin \”21 Azər hərəkatı\” nın tarixi, səciyyəvi xüsusiyyətləri, nəticələri barədə məruzəsi ilə davam edib. Əkrəm Rəhimli Milli Hökumətin həyata keçirdiyi islahatlardan danışıb; \”İri banklar milliləşdirildi, torpaq islahatları həyata keçirildi, kəndlərdə xəstəxanalar yaradıldı, sosial proqramlar həyata keçirildi, milli ordu yaradıldı, ana dilinə dövlət dili statusu verildi\” deyən natiq qeyd edib ki;
\” XX əsrin birinci yarısında Güney Azərbaycanda üç böyük hərakat olub. 1905-11- ci illər Səttərxanın başçılıgı ilə \”Məşrutə hərakatı\”, ikinci 1918- 20 -ci illərdə Şeyx Məhəmməd Xiyabaninin başçılığı altında \”Xiyabani hərakatı\” və üçüncüsü də 1945-46 -cı illərdəki \”21 Azər hərakatı\”.
Səttarxan hərakatı məlum olduğu kimi tam milli hərakat deyildi. Yəni, o mənada ki, Azərbaycan xalqının azadlığını, Azərbaycanın müstəqilliyini, sərbəstliyini ifadə etmirdi. O, sadəcə İran üçün azadlıq tələb edirdi ki, bunu özü də açıq qeyd edirdi.
Xiyabani isə Səttarxandan fərqli olaraq Azərbaycana məhdud dairədə müstəqillik istəyirdi. Sizə yaxşı məlum olduğu kimi Səttarxanı da məhv elədilər, Xiyabanini də məhv eləyib milləti qorxutmaq üçün onun cənazəsini Təbriz şüşələrinin üstündə nərdivana qoydular. \”21 Azər\”ə qədər bütün bunlar olubdu.
Ancaq, həm Səttarxanın Məşrutə hərakatı, həm də Xiyabani hərakatı Güney Azərbaycana o toxumu səpdi. Həmin toxum cücərməyə imkan axtarırdı. Rza şah 1927-ci ildə hakimiyyətə gəldi, elə bir diktatura yaratdı ki, heç vəhclə milli qüvvələrin baş qaldırması mümkün deyildi. Hansı qüvvə baş qaldırırdısa da onu zindan, ölüm, sürgün gözləyirdi. O cümlədən Seyid Cəfər Pişəvəri də o dövrdə baş qaldıranlardan biri kimi 10 il həbsdə , 6 il sürgündə olmuşdu. Yəni, biz düzgün qiymət versək 21 Azər Hərakatı XX əsrin birinci yarısında Güney Azərbaycanda olan xalq hərakatlarının zirvəsidir. Nəyə görə?
Öz mahiyyətinə görə, həyata keçirdiyi tədbirlərə və istəklərinə görə. Birincisi bu hökümət Güney Azərbaycanın Həmədan və Qəzvindən başqa bütün ərazisini ələ aldı, Azərbaycan Milli Hökümətini yaratdı. İkinci bu hökümətin tərkibində çox böyük güclü islahatlar həyata keçirildi. Bu islahatları belə bölə bilərik;
1. İqtisadi islahatlar
2.Siyasi islahatlar
3.Demokratik islahatlar
Demokratk islahatlar nə idi? Azərbaycanda demokratik islahatlar tam bərqərar olmasıyla Azərbaycan xalqı ilə bərabər Azərbaycanda yaşayan qeyri- millətlərə də həm siyasi, həm də mədəni fəaliyyət göstərmək üçün imkan verildi. Bir şərtlə ki, onların fəaliyyəti Azərbaycan Milli Hökümətinin əleyhinə olmamalıydı. Hətta, onların dini sitayişləri üçün, dini məbədlərinin işə salınması üçün, məktəblərinin açılması üçün bütün imkanlar tanınmışdı. Bu millətlərə ermənilər, kürdlər, ərəblər və s. aid idi. O zaman Azərbaycan ərazisində yaşayan müsəlman olan qeyri millətlərə də heç bir dini- məzhəb ayrılığı, fərqi qoymadan fəaliyyət etməyə imkan verilmişdi ki, bunların hamısı siyasi azadlıqları təşkil edirdi. Bu mühüm azadlıqlardan biri də o idi ki, İran tarixində birinci dəfə olaraq, qadınlara seçib- seçilmək hüququ bu dövrdə verilib\”.
Hərakatın milli zəmində olması ilə bağlı şübhəli yanaşmaların həqiqəti əks etdirmədiyini deyən məruzəçi, \”21 Azər hərəkatını zəruri edən əsas amillərdən birinin də milli şüurun oyanışının olduğunu vurğulayıb.
\”Bir çoxları deyir ki, bunu sovetlər elədi, silah verdi, filan etdi və s. Mən \”Güney Azərbaycanda Milli Demokratik Hərakat\” adlanan kitabımda bunu bir cümlə ilə belə ifadə etmişəm; \”Silah vermək şərt deyildi, silahı əldə tutan adam lazımdı\”. Əgər o insan ona hazır deyilsə, onun qəlbindən o keçmirsə də, sən silah verməklə nə olacaqdı? Güney Azərbaycanda silahı əldə saxlayan insanlar vardı. Milli qüvvəni inkar edib hər şeyi Sovetlərə bağlamaq olmaz. Biz inkar eləmirik, sovetlərin yardımı olub, ancaq, bu həlledici deyil, təsiredici amil olub. Demək mümkündür ki, silah verilib, maddi yardım edilib, təlimat verilib, və s. Lakin, sən deyəsən ki, hərakatı sovetlər elədi, bu haqsızlıqdır\”.
Məruzəçi sonda qeyd edib ki, \”ABŞ , Böyük Britaniya və Fransanın İran şahına dəstəyi və Sovetlərin xəyanəti nəticəsində Milli Hökumət 12 dekabr 1946-cı il tarixində məhv edildi. Minlərlə soydaşımız öldürüldü, Seyid Cəfər Pişəvəri isə 1947-ci il iyulun 11-də Gəncədən qayıdarkən müəmmalı şəkildə maşın qəzasında dünyasını dəyişdi. Lakin, 21 Azər hərakatı məğlub olsa da həm o tayda , həm bu tayda Azərbaycan xalqınıın milli azadlıq hərakatı tarixində qızıl hərflərlə yazılmış sətirləri oldu. Çünki, bu hərakat xalqa istiqlaliyyətin, azadlığın, milli kimliyin şirinliyini daddırdı. İndi İrandakı püskürmələr, milli oyanışlar da o təsirin nəticədir.Sözümün yekunu olaraq demək istəyirəm ki, həmin hərakatın səpdiyi toxumlar Güney Azərbaycan ərazisində yenə də var. O, zaman, məkan , tarixi şərait gözləyir. O şərait yetişən kimi o, cücərəcək və gec- tez öz azadlığına nail olacaq\” .
Sonra tarixçi professor Nəsib Nəsibli, SAM-nin sədri İsa Qəmbər, AMEA-nın Güney Azərbaycan Elmi Araşdırmalar Şöbəsinin rəhbəri Səməd Bayramzadə, AXP sədri Rənah Hüseynli, DAKSAM-ın sədri, araşdırmaçı alim Yasəmən Qaraqoyunlu, alim Xaləddin Xəlilli, Güney Azərbaycan Azadlıq hərakatının çağdaş fəallarından olan Pərviz Əsədli də məsələ ətrafında öz fikirlərini bölüşərək, maraqlı cəhətləri və arqumentləri dilə gətiriblər.
İnterpress.az