“Hz Əliyə ad günü keçirib başqasına ziyan vurmurlarsa, tədbirdir də keçirirlər” – DEPUTATbackend

“Hz Əliyə ad günü keçirib başqasına ziyan vurmurlarsa, tədbirdir də keçirirlər” – DEPUTAT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Sözügedən videogörüntüdə İslama zidd olan davranışlar olduğuna görə, doğru hesab eləmirəm. Amma əgər, insanlar İslam dini özlərinə lazım olduğu kimi yaşayırlarsa, buna da qarışmağımız doğru deyil. Yəni, kimisi ateizmi təbliğ edir, kimisə də teizmi və yaxud da, dinin təhrif olunmuş formasını təbliğ edirsə, bu, onun öz işidir. Biz sadəcə olaraq, doğru İslam anlayışının insanlara çatdırılmasına çalışırıq. Amma başqasının davranışlarına qiymət vermək bizim haqqımız deyil. Videogörüntüdə də əks olunduğu kimi, əgər, onlar özləri üçün bir bayram təşkil edirsə və bunu Hz Əli ilə bağlayırlarsa, başqasına ziyan vurmurlarsa, özləri üçün bir tədbirdir də keçirirlər. Yəni, bunun dinlə əlaqəsi olmasa da, insanların özlərinə təsəlli vermələri üçün təşkil etdikləri bir tədbirdir. Ona görə də, buna qarışmağımız doğru deyil. Ümumiyyətlə, mən hər hansı bir şəxsin ölümünü və doğumunu qeyd etməyi yanlış hesab edirəm. Bu, dinin mahiyyəti ilə əlaqəsi olmayan davranışlardır”.

Bunu İnterpress.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa sosial şəbəkələrdə Hz Əliyə ad günü tədbiri keçirilməsi barədə yayılan videogörüntüyə münasibət bildirərkən deyib.

Millət vəkili dinin bu qədər təhrif olunmasına qarşı həmişə mübarizə apardığını vurğulayıb: “Dinin mövhumat, xurafat və əyləncə vasitəsinə çevrilməsini doğru hesab etmirəm. Dini kimsə başını yarması ilə, özünə xəsarət yetirməsi ilə təqdim edir. Kimsə də dini müasir modern görünən ad günü keçirməklə təqdim edir. Mahiyyətcə, İslam dinində kiminsə ad gününü keçirmək deyilən bir adət yoxdur. Və belə bir tələb də yoxdur. İslamda əsas tələb Quranın prinsiplərini doğru-dürüst öyrənmək və həyatda tətbiq etməkdir. Bu da, insanların birgə yaşayışına xələl gətirməyən formada icra olunmalıdır”.

"Hz Əliyə ad günü keçirib başqasına ziyan vurmurlarsa, tədbirdir də keçirirlər" - DEPUTATF.Mustafa qeyd edib ki, Hz Əli və dgər dini şəxsiyyətlərin obrazının insanlar tərəfindən düzgün anlaşılmamasının səbəbi elə məhz insanların Quranı anlamamasından irəli gəlir: “İnsanlar şəkil üzərində Quranı qəbul edirlər. İçini, mahiyyətini oxumadan qəbul edəndə isə, məcbur olub dini hər hansı şəxslərin obrazında anlamağa başlayırlar. Dinin əsas tələbi Qurani-Kərimi doğru-düzgün öyrənin həyatda öyrəndiklərini tətbiq etməkdən ibarətdir. Azərbaycan cəmiyyətində isə bu, çatmır. Ona görə də, dini ayrı-ayrı şəxslərin obrazında öz bildikləri kimi təqdim etməyə başlayırlar”.

Deputat bildirib ki, Azərbaycanda Şeyx Nəsrullahın, Molla İbrahimxəlil Kimyagərin dinini yaşatmaq istəyirlər: “Məsələn, o gün biri sosial şəbəkədə paylaşıb ki, filankəs peyğəmbər barəsində mənfi söz yazıb, gərək biz onun cavabını verək. Axı, bunu kim vəkil edib peyğəmbərin adından? Pis söz yazıbsa, sahibinindir, peyəmbərə də o sözün nəsə bir təsiri yoxdur. Sadəcə, hiss olunur ki, bir aqressivlik ruhu daşımaq istəyirlər. Kimsə, Hz Əli və yaxud da Hz Huseynin adını xüsusi bir formada çəkmirsə, dərhal, adamı əhli-beytə əks olmaqda ittiham edirlər. Əhli-beyt deyəndə bioloji bağlılıqdan daha çox, mənəvi bağlılıq nəzərdə tutulur. Bu xəstəlik də ən çox Azərbaycanda yayılıb. Azərbaycanı da bu xəstəlikdən çıxarmaq üçün doğru-düzgün dinin təbliğinə ehtiyyac var. Amma görünür doğru dini istəmirlər. Bunlar ənənəvi din təbliği adı altında Şeyx Nəsrullahın, Molla İbrahimxəlil Kimyagərin dinini yaşatmaq istəyirlər”.

F.Mustafa hesab edir ki, mövhumatın, xurafatın baş alıb getməsində mollaları deyil, insanların özünü qınamaq lazımdır. Onun sözlərinə görə, mollaları bu mövzuda ittiham etmək doğru olmaz: “Hansısa molla savadlı və əxlaqlıdırsa, öz savadına və əxlaqına uyğun şəkildə islamı təbliğ edir. Amma hansısa molla savadsız və əxlaqsızdırsa, dini təhrif olunmuş formada təbliğ etməklə məşğul olub pulunu qazanır. Ona görə, insanlar özləri oxumalı və maariflənməlidir. Əgər, özləri oxumursa, mollanı günahkar çıxarmalarının mənası yoxdur. Çünki, özü maariflənmək istəməyən şəxsin günahı mollanın üstünə atması məsuliyyətdən qaçması deməkdir. Ona görə də, insanlar dini bilgilərini özləri oxuyaraq artırmalıdır. Mövhumat, xurafat, saxtakar “hacılıq”, “kərbəlayilik”, “məşədilik” İslam dininə vurulan ən böyük zərbədir. Bu elə bir zərbədir ki, heç ateistlər İslam dininə bu qədər zərbəni vurmuyub”.

F.Mustafa cəmiyyətdə bu cür halların qarşısının alınması üçün dini maarifləndirmənin orta məktəblərdən başlanmasını zəruri hesab edib. O orta məktəblərdə doğru dinin örədilməsinin zəruri olduğunu vurğulayıb: “Amma bu gün Azərbaycanda bunu etmək yanlışdır. Çünki, Azərbaycanda rəsmi doktrinada ənənəvi İslamın müdafiəsindən söhbət gedir. ənənəvi İslam da Şeyx Nəsrullahın Azərbaycana gətirdiyi İslamdır. Bu da, ölü diriltmək, mövhumat, xurafat, doqquz yaşında qız uşaqlarına təcavüz etmək və s. ibarətdir”.

Qeyd edək ki, Azərbaycanda Hz. Əlinin mövlud günü münasibəti ilə mərasim keçirilib. Doğum günü mərasimi üçün Hz. Əlinin şəkli olan tort hazırlanıb. Daha sonra şam yandırılaraq “Happy Birthday” mahnısı səsləndirilib.

İnterpress.az