“Sosial şəbəkələr niyə bağlansın ki? Bu, mənlik deyil. Buna mən nə deyə bilərəm ki? Mən də yeri gələndə “Youtube” sosial şəbəkəsinə öz fikirlərimi yazıb göndərirəm. Amma “Youtube”da təhqiramiz ifadələr işlədilməsi yolverilməzdir. Olmaz. Konstitusiya ilə ölkə rəhbəri toxunulmazdır. Bunlar hansı əsasla çıxışlar edib qərəzli mövqe nümayiş etdirirlər? Bu, yolverilməzdir, xuliqanlıqdır, şərəfsizlikdir. Ona görə də, mən açığını sizə deyim ki, öz fikrim olanda da “Youtube”a yazıb göndərirəm, müraciət edirəm”.
Bunu İnterpress.az-a açıqlamasında Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev deyib.
Ə.Abıyev ötən gün “Youtube” sosial şəbəkəsinin ofisində baş verən silahlı atışmaya da münasibət bildirib:“Amma “Youtube” sosial şəbəkəsinə hücumla bağlı, oradakı silahlı atışma ilə bağlı heç bir məlumatım yoxdur. Mən görmədiyim, bilmədiyim bir məsələ ilə bağlı heçnə danışa bilmərəm. Mənim bu haqda məlumatım yoxdur. Siz deyirsiniz, mən eşidirəm. Mən bu barədə də münasibət bildirmək istəmirəm. Mən burda dağın başında oturmuşam, ona görə də bu işlərdən xəbərim yoxdur”.
İcra başçısı onun adından yalan məlumatlar yayanları da qınayıb: “Mən təxribat yönümlü, əsassız, qərəzli, böhtan yayan saytların əleyhinəyəm. Bu gün Azərbaycan kimi inkişaf etmiş bir dövlətdə, o cümlədən, hərtərəfli inkişafı olan bir ölkədə hər şey göz qabağındadır. Beynəlxalq aləm özü də qibtə edir Azərbaycana. Mən özüm Daşkəsən rayonunda ucqar dağ ətəyindəyəm və 12 sm qar yağıb bura. Biz burda soyuq şəraitli bir yerdə işləyirik, çalışırıq, xidməti vəzifələri yerinə yetiririk. Qonaqlarımızı da qəbul edirik. Hər şeyə müsbət yanaşırıq. Camaatla ünsiyyətdəyik, xeyirdə də, şərdə də köməkliyimizi əsirgəmirik. Yəni, öz xidməti borcumuzu xalqımıza, millətimizə göstəririk. İndi kimlərsə də qərəzli mövqedən çıxış edirsə, haqqımızda böhtan xarakterli yazılar yazırsa, əsası olmayan yazılar dərc etdirirsə, bu uje şərəfsizlikdir. Mən belə adamlara çox pis baxıram”.
Əhəd Abıyev Daşkəsən sakinlərinin seçkiyə hazırlıqlarından da danışıb. O bildirib ki, Daşkəsən camaatı seçkiyə tam hazırdır: “Əvvəlki illərə nisbətən, bu il seçicilər fəallaşıb. Öz də deyərdim ki, həddən artıq fəallaşıblar. Yəni, bu il də ürəklərində, qəlblərində tutduqları insana da səs verəcəklər. Ona görə də, əvvəlki illərə nisbətən bu il çox yüksək səviyyədə seçkilərə həm hazırlıq işləri görülüb, yəni şərait yaradılıb. Camaat arasında maarifləndirmə işləri, seçki məntəqələrində hazırlıq işləri, demək olar ki, yekunlaşıb”.
İnterpress.az