Millət vəkili başına gələn hadisədən danışdıbackend

Millət vəkili başına gələn hadisədən danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu dəfə Zaqatalaya qatarla getmişdim. Yol uzaqdır deyə (əsas da gedişdə) maşın adamı yorur, üstəgəl, gün itir. Amma belə də gecə çıxıram, səhər tezdən doğma diyarda oluram.

Əlqərəz, səfər çox uğurlu oldu və seçkilərlə bağlı təbliğat – təşviqat işlərimiz başa çatan kimi Oğuza döndüm. Həm evimizə baş çəkmək, həm də atamın məzarını ziyarət etmək üçün. Ordan Bakıya gəlmək üçünsə yol maşını aradım. Avtovağzalın kandarı belə maşınlarla doludur. Birinə oturdum və qiymət razılaşmasından sonra üzü Bakıya doğru istiqamət aldıq.

Qardaşla düz Şamaxıya qədər deyib-gülə gəlmişik. Hələ İsmayıllı “post”unun düz yaxınlığında təkər buraxdı, onu bərabər dəyişdik. Yarım saatdan bir çay içdik, siqaret çəkdik, müxtəlif mövzulara toxunduq, ciddi söhbətlər elədik, zarafatlaşdıq, lətifələr danışdıq. Adam o qədər sual verirdi ki. Dayanmadan. Axırda soruşdu, nə işlə məşğulsan? Bilmədim nə deyim. Həm gül kimi səmimiyyətlə gedirik, istəmədim yolun ortasından subardidnasiya-filan yaransın, həm də düşündüm, bayaqdan min söhbət eləmişik, kompleksə girər. Ona görə “işsizəm” cavabını verdim və…. elə burdaca da \”ilişdim\”. Özünə əl qatıb ki, sənə iş tapacam, yaxşı dostlarım var, xahiş edəcəm sənə kömək edəcəklər.

“İşsizəm” söhbətinin ən ağrıma gələn tərəfi Şamaxıda oturub yemək yeyərkən hesabı onun vermək istəməsi oldu. Mərd kasıb bax buna deyirlər: 50 manat qazancı var, onun 25-ni yeni tanış olduğu dostuna xərcləməyə hazırdır. Güclə qarşısını kəsib inandırmışam ki, işsiz olmağıma baxma, dolanışığım yaxşıdı, hesabı verəcək qədər param var. Və zor müsibətdən sonra hesabı vermişəm.

Ordan yola düzəldik. Bakıya doğru. Dedim bir sual da mən verim. Yeni dostum kimdir, kimlərdəndir amacı ilə. Danışdı özü haqda:

– Oğuzdanam. Uzun illər Rusiyada yaşamışam. Sonra qayıdandan sonra dövlət işində özüm işləmək istəmədim. Maşına dəhşət sevgim var, zövq alıram, rahat oluram maşın sürəndə.

-Bəs təhsilin varmı?

– Hə qardaş, “APİ”ni bitirmişəm. Elə gözəl müəllimlərim olub ki. Əsl ziyalılar. Məsələn, biri rəhmətlik Məmmədhənifə müəllim. Bəlkə eşitmiş olarsan. Məzarı Oğuzdadır. “Metodikanın əsasları”ndan mühazirə deyirdi bizə. Allah o kişiyə rəhmət eləsin. O qədər sadə insan idi, mənə o qədər yaxşılığı keçib ki, Allah onun elədiyi bütün yaxşılıqları balalarının qarşısına çıxarsın…

Bakıya qədər səssiz gəlmişəm…

Millət vəkili Elşən Musayev
İnterpress.az