Millət vəkili Araz Əlizadə həmkarı Qüdrət Həsənquliyevin bu gün Milli Məclisdə keçirilən iclas zamanı deputatların 8 min manat maaş alması təklifinə münasibət bildirib.
Bu barədə İnterpress.az-a danışan Araz Əlizadə bildirib ki, deputatların maaşlarının artırılmasının əvəzinə əlillərin müavinəti artırılmalıdır:
“Bizim maaşları ki, 10 faiz artırıblar, onun bizə belə də böyük bir əhəmiyyəti yoxdur. Bizim maaşların artırılmasının əvəzinə əlillərə verilə müavinəti artırsaydılar daha yaxşı olardı. Məni bu gün deputatların vəziyyətindən daha çox əlillərin vəziyyəti maraqlandırır. Sadə vətəndaşların aylıq əmək haqqına gəlicə isə, müəllim heç olmasa 200-250 manat maaş alır. Amma əlilə isə 50-110 manat təqaüd verilir. Mən bu gün deputatlara da müraciət etdim ki, kimsə əlli manata yaşaya bilərsə, əlini qaldırsın. Heç kim qaldırmadı əlini. Azərbaycanda minimal tələbat zənbili 174 manatdır. Orta aylıq əmək haqqı isə 154 manatdır. İndi deyin görüm, 50 manatla, 77 manatla, 110 manatla, 150 manatla insan necə minimal tələbat zənbilini ala bilsin?”.
Millət vəkili qeyd edib ki, sözügedən məsələ ilə bağlı təkliflər versə də, nazirliklər bunun əleyhinədir: “Bu barədə Milli Məclisə mən öz təkliflərimi vermişəm. Bu fikrim komitədə də müzakirə olunub. Amma İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyi bunun tam əleyhinədir. Buna baxmayaraq, mən öz dediyimi deyirəm və öz fikrimdə də qalacam. Mən mütəmadı olaraq öz seçicilərimlə görüşürəm. Onların problemləri ilə maraqlanıram. Ərazidə deyil, Milli Məclisdə seçicilərimi qəbul edirəm. Çünki seçicilərlə görüşmək üçün ərazidə yer tutmaq lazımdır. Ən ucuz yerin qiyməti də 500 manatdır. Mənim öz seçicilərimin arasında da əlil var”.
Səid Qərib
İnterpress.az