Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, Xalq şairi Sabir Rustemxanli Xalq artisti Fuad Poladovla bağlı nekroloq imzalayıb.
İnterpress.az xəbər verir ki, nekroloqda deyilir:
\”Azərbaycanın xalq artisti, böyük sənətkar, hələ sağlığında ikən yaratdığı obrazlar və xarakteri ilə canlı əfsanəyə çevrilən Fuad Poladovun vəfatı bizi dərindən kədərləndirir.
Fuad Poladov 1948-ci il mayın 24-də Bakıda anadan olub. 132 saylı orta məktəbi bitirəndən sonra 1966-cı ildə “İstintaq davam edir\” filmində oynadığı Səlim obrazıyla onun taleyini dəyişib.
1967-72-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb.
Fuad Poladov dram aktyoru kimi onlarla obrazın xarakterini yaradıb və tamaşaçıların yaddaşına bu obrazları öz simasında köçürməyi bacaran sənətkar idi. Sənətdə olduğu kimi, həyatda da bir şəxsiyyət kimi öz ədalətli mövqeyi ilə seçilən aktyor xalqın sevimlisinə çevrilmişdi. 1987-ci ildə xalq artisti adına layiq görülən aktyor həm də bir çox mükafatlar almışdı. Ancaq onun ən böyük mükafatı xalq sevgisi idi. Birmənalı olaraq demək mümkündür ki, yaratdığı obrazlarla sevilən aktyor şəxsiyyəti, ləyaqəti, ictimai nüfuzu ilə bu sevgini hər zaman artırmışdı və şəxsiyyət bütövlüyü ona böyük xalq sevgisi qazandırmışdı.
Fuad Poladovun itkisi təkcə Azərbaycan teatr sənətini deyil, həm də xalqımızın böyük itkisidir. Vətəndaş Həmrəyliyi Partiyası olaraq bu itkidən kədərləndiyimizi bildirir və onu sevənlərə, ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk\”.
Səid Qərib
İnterpress.az