Aparıcı Elçin Əlibəylinin “Space”in efirində yayımlanan “El bizim, sirr bizim” adlı verilişində müğənni Maral Tahirqızı ilə yaşanan qalmaqal cəmiyyətdə müzakirə mövzusuna çevrilib. Aparıcının müğənni Maral Tahirqızını aşağılaması və təhqir etməsi cəmiyyətdə birmənalı qarşılanmayıb.
Məsələ ilə əlaqədar olaraq İnterpress.az-a açıqlama verən Azərbaycanın tanınmış jurnalisti, teletənqidçi, filologiya elmləri doktoru, əməkdar jurnalist Qulu Məhərrəmli aparıcı Elçin Əlibəylinin qalmaqallı verilişə ilə bağlı konkret fikir bildirmək istəməsə də, ümumilikdə, televiziyalarda aparıcıları qızıl qaydalara riayət etməyə çağırıb:
“Televiziyalardakı bu məsələlərlə bağlı ümumi deyə bilərəm ki, istənilən aparıcı verilişinin formatından və məqsədindən aslı olmayaraq, dəvət etdiyi qonaqlara hörmətlə yanaşmalıdır. Bu, televiziyanın çox adi bir tələbidir. Ümumiyyətlə, bundan əlavə, adi bir insani yanaşma da bunu tələb edir”.
Q.Məhərrəmli bildirib ki, televiziyada aparıcı-moderatorun vəzifəsi söz vermək, verilişi idarə etməkdən ibarətdir: “Bu məsələləri tənzimləməkdən ibarətdir. Bununla yanaşı, aparıcı müzakirə olunan məsələdə biraz da tərəf kimi çıxış etməməlidir. Yəni, istənilən ictimai müzakirənin qaydası budur. Bu, istər konfrans formasında olsun, istər debat olsun, istərsə də tok-şou olsun fərqi yoxdur – qayda eynidir. Aparıcı tərəf kimi çıxış etməli deyil”.
Teletənqidçi Azərbaycan teleməkanında qalmaqal yaradacaq verilişlərin yaranma səbəbləri haqqında da danışıb: “Dəfələrlə bununla bağlı tənqidlər yer alıb. Bunun səbəbləri də həddindən artıq çoxdur. Bir daha demək istəyirəm ki, bizim televiziya mühitində suni şəkildə qalmaqal yaratmaqla belə hesab olunur ki, guya, çox reytinq qazanılır və reklam yığıla bilir. Televiziyada müəyyən qızıl qaydalar var ki, bu qaydalar televiziyada mütləq gözlənilməlidir. Bu qaydaları gözləməyən proqramlar və bu qaydalara riayət etməyən aparıcılarla bağlı hər zaman problemlər ortaya çıxıb”.
Qeyd edək ki, verilişin aparıcısı E.Əlibəylinin M.Tahirqızıya qarşı qeyri-etik davranışı sosial şəbəkələrdə müzakirəyə səbəb olub.
Səid Qərib
İnterpress.az