Beynəlxalq Diaspor Mərkəzinin İnterpress.az-a verdiyi məlumata görə ,tədbir şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və dövlət himninin səsləndirilməsi ilə açıq elan olunub. Təqdimat mərasimini giriş sözü ilə açan BDM sədrinin birinci müavini Samir Adıgözəlli layihənin məqsəd və vəzifələri haqqında məlumat verərək Azərbaycan həqiqətlərinin Sankt-Peterburq ictimaiyyətinə və eyni zamanda beynəlxalq ictimaiyyətə təfsilatı ilə çatdırılmasının vacibliyin vurğulayıb. O, çıxışında, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi, Azərbaycan Milli Ordusunun və Bakının azad olunmasının 100 illiyi və eyni zamanda azərbaycanlıların soyqırımının 100 illiyi ilə bağlı BDM tərəfindən dünyanın müxtəlif ölkələrində bu il müxtəlif tədbirlərin keçiriləcəyini bildirib. Tədbirlərin bir qisminin 25-30 may tarixlərində Rusiyanın Sankt-Peterburq şəhərində baş tutacağını qeyd edib. Daha sonra BDM sədri İsmayıl Ağayev Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində həyata keçirilən tədbirlərə QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən xüsusi diqqət ayrılmasının əhəmiyyətini vurğulayıb. Ölkə prezidenti cənab İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd olunması ilə bağlı imzaladığı sərəncamın tariximizə önəm verdiyinin bariz nümunə olduğunu nəzərə çatdırıb. O, həmçinin ölkəmizi layiqincə təmsil etmək üçün mərkəz olaraq bu kimi tədbirlərin həyata keçirilməsinin vacibliyini qeyd edib.
Tədbirdə iştirak edən Milli QHT Forumunun idarə heyətinin üzvü İradə Rizazadə, “Elmi Araşdırmalar” İB-nin sədri Telman Qasımov, İctimai Nəzarət Koalisiyasının sədri Rasim Məmmədov, Musa Nağıyev adına Milli Dəyərlərin Qorunması İB-nin sədri Dilarə Nağıyeva, QHT rəhbərləri Almaz Zeynalova, Mətanət Əsgərqızı, Bahar Qasımova, Gülnarə Əmirquliyeva, Arif Məhərrəmov, Mirvari Xəlilzadə və başqaları öz çıxışlarında BDM-in həyata keçirəcəyi layihənin əhəmiyyətindən danışaraq, bu kimi layihələrə QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən maliyyə yardımının artırılmasının vacibliyini vurğulayıblar. Sonda xatirə şəkli çəkilib.
İnterpress.az