Onlar öz şəxsi nüfuzlarına görə, təşkilatın adını geridə qoymağa çalışır – Sahil Qasımov – MÜSAHİBƏbackend

Onlar öz şəxsi nüfuzlarına görə, təşkilatın adını geridə qoymağa çalışır – Sahil Qasımov – MÜSAHİBƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Azərbaycanlıları Konqresinin (AAK) prezidenti Sahil Qasımov redaksiyamızın qonağı olub. Qonağımız uzun illərdir ki, xaricdə Azərbaycanı təmsil etməsindən tutmuş, xaricdəki Azərbaycan diasporlarının fəaliyyətindən və eyni zamanda, rəhbərlik etdiyi təşkilatın gördüyü işlərdən danışıb.

İnterpress.az Avropa Azərbaycanlıları Konqresinin (AAK) prezidenti Sahil Qasımovla müsahibəni təqdim edir:

– Sahil bəy, Avropa Azərbaycanlıları Konqresinin (AAK) fəaliyyəti nə yerdədir, işlər necə gedir təşkilatda?

– Avropa Azərbaycanlıları Konqresi (AAK) 60-dək ölkədə 130-a qədər Azərbaycan təşkilatlarının birliyidir. Konqresin mərkəzi Brüsseldə yerləşir. Bunu deməyi özümə borc bilirəm ki, ictimaiyyətin də məlumatı olsun. Hazırda Konqres ətrafında milyonlarla azərbaycanlı birləşib. Biz bu birlik sahəsində neçə-neçə uğurlara imza atmışıq və bundan sonra da atacağıq. Bu günə qədər üzərimizə düşən bütün vəzifələri layiqincə məsuliyyətli şəkildə həayata keçirmişik. Qarşıda böyük planlarımız var. Məqsədimiz Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq. Hədəfimizin ilk mərhələsi, Azərbaycanın dünyanın inkişaf etmiş dövlətləri ilə müqayisə olunana qədər çalışmaqdır.

– Avropada yaşayan azərbaycanlıların fəaliyyətlərini necə dəyərləndirirsiniz?

– Bilirsiniz, Avropada çoxlu azərbaycanlılar yaşayır. Bunların bir qismi siyasi yolla mühacirət edib. Digər qism var ki, sadəcə yaşamaq üçün gediblər Avropaya və Azərbaycanı da kifayət qədər təmsil edirlər. Gəlin, müxalifətçilərlə radikal qrupları qarışdırmayaq. Müxalifyönlü şəxslər 25-30 ildir orada yaşayırlar və heç bir fəaliyyətləri ilə Azərbaycana ziyan vurmurlar. Onlar da 20 Yanvar qırğını, Xocalı soyqırımı, 31 mart azərbaycanlıların soyqırımının ildönümlərini keçirirlər, onlar da milli bayramlarımızı qeyd edirlər”.

– Xaricdəki digər diaspora təşkilatlarının fəaliyyətinə münasibətiniz necədir?

– Biz azərbaycanlılar iddialı millətik. Əslində də, iddia olmasa, hədəfə çatmağımızda da problemlər yarana bilər və burada heç inkişafdan söz gedə bilməz. Amma bəzən bu iddialar bəzi təşkilat rəhbərlərinin öz şəxsi mövqeləri ilə toqquşur. Bəlkə də, öz şəxsi nüfuzları naminə təşkilatın adını geridə qoymağa çalışırlar. Ki, onlar təşkilatın adı ilə deyil, təsmil etdikləri təşkilat onların adı ilə tanınsın. Burda da şəxsi maraq ümumi maraqları üstələyərsə, heç inkişafdan, fəaliyyətdən söhbət gedə bilməz.

– Diasporla İş üzrə Dövlət Komitəsi ilə hər hansı birgə fəaliyyətiniz olubmu?

– Bizim hər zaman DİDK ilə əlaqələrimiz yüksək səviyyədə olub. Çünki, hamımız bir amal üzərində çalışırıq. Bu günə qədər də komitə ilə birlikdə planlaşdırdığımız bütün məsələləri də həyata keçirmişik. Əsas odur ki, məqsədimiz eyni, hədəfimiz eynidir. Hesab edirəm ki, komitə də, diaspora təşkilatları da qarşılarına qoyduqları məqsədə çatıblar.

– Sizcə, ermənilərin diaspora fəaliyyəti bizim diaspora təşkilatlarımızın fəaliyyətindən nəyi ilə fərqlənir?

– Bu gün Azərbaycan həqiqətlərinin, Azərbaycan mədəniyyətinin, Azərbaycan musiqisinin və s. dünyaya çatdırılmasında diaspora təşkilatlarımızın böyük rolu olub. Dünyanın bir neçə ölkəsinin Xocalı soyqırımını rəsmən tanıması Azərbaycanın xarici siyasətinin, diaspor təşkilatlarının və komitənin uğurudur. Ümumiyyətlə, biz son 20 ildə diaspora fəaliyyətində müxtəlif uğurlara imza atmışıq. Bir məsələni də qeyd edim ki, yaddan çıxmasın. Bilirsiniz, erməni diasporunun yüz illiklərlə tarixi var. Azərbaycan diasporu isə 15-20 il ərzində böyük yol qət edib və qısa müddətdə hazırkı səviyyəyə çatması uğurdur.

– Çox sağolun, Sahil bəy. Dəvətimizi qəbul edib redaksiyamıza gəldiyinizə görə öz təşəkkürümüzü bildiririk.

– Mən sizə təşəkkür edirəm, müsahibə üçün çox sağolun…

İnterpress.az