ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəisi Mark Milli xarici KİV-ə müsahibəsində deyib ki, F-16 qırıcı təyyarələri yaxın vaxtda Ukraynaya təhvil veriləcək.
Məlum olduğu kimi, avqustun 18-də media ABŞ-nin F-16 təyyarələrinin Danimarka və Niderlanddan Ukraynaya təhvil verilməsinə razılıq verdiyi barədə məlumat yayıb. ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan vurğulayıb ki, Ukrayna pilotların təlimi başa çatdıqdan sonra qırıcı təyyarələr alacaq.
Ukraynalı pilotlar təlim keçmək üçün Danimarkaya gediblər.
Daha əvvəl Niderlandın müdafiə naziri Kaysa Ollonqren F-16-ların yaxın gələcəkdə Ukraynaya veriləcəyini söyləmişdi.
Qırıcıların ən yaxşı halda qarşıdakı 6-7 ay ərzində Ukraynaya veriləcəyi gözlənilir. Çünki təyyarələr göndərilməzdən əvvəl təlim proqramı həyata keçməlidir.
Rusiya F-16-ların tədarükü ilə bağlı bir neçə dəfə xəbərdarlıq edib. Məsələ ondan ibarətdir ki, bu təyyarələr NATO silahlarıdır. F-16-ların ehtimal edilən tədarükü artıq NATO-nun müharibəyə qoşulması deməkdir. Bu isə rəsmi Moskvanın daha sərt addımları, o cümlədən nüvə silahının tətbiqi ilə nəticələnə bilər.
Bir çox ekspertin fikrincə, artıq ABŞ-la Ukrayna arasında fikir ayrılığı yaranıb. Qərb mətbuatı da bu barədə yazır. İddialara görə, ABŞ Ukraynanın əks-hücum əməliyyatının sürətindən razı deyil. Əgər belədirsə, onda Ağ ev Ukraynaya F-16-ları niyə verməlidir?
Qərb mediasında yer alan məlumatlara görə, Qərb rəsmi Kiyevi artıq danışıqlar masasına çağırır. Bu isə ABŞ və müttəfiqlərinin müharibənin əvvəlində ortaya qoyduğu mövqe ilə üst-üstə düşmür.
Yəni F-16-ların Ukraynaya tədarük edilib-edilməməsi hələ də sual altındadır. Kimsə ABŞ-ın vədini yerinə yetirəcəyinə zəmanət verə bilməz. Bu, tamamilə Ağ evin konkret situasiyaya uyğun mövqeyindən asılı olacaq.
Qarşıdakı yarım ildə baş verənlər qırıcıların tədarükü üçün həlledici rol oynayacaq. Nəticə, demək olar, Ukraynanın müqavimət imkanlarından asılıdır.
Sözsüz ki, F-16-ların tədarükü Ukraynadakı müharibənin taleyini həll edə viləcək məsələdir. Əgər Ukrayaya lazımi sayda qırıcı verilərsə, bu, rəsmi Kiyevin qələbəsini təmin edə bilər. Bəs ABŞ buna gedəcəkmi? İndi əsas sual məhz budur.
Amma bir məqam dəqiqdir ki, Ağ evin vədlərinə etibar etmək olmaz. ABŞ gələcəkdə müxtəlif bəhanələrdə F-16-ların tədarükündən qaçıra bilər. Və əgər ABŞ Ukraynaya sözügedən təyyarələri verəcəksə, bu, ancaq onun öz maraqları kontekstindən qiymətləndirilməli olacaq.
Nəzərə almaq lazımdır ki, Vaşinqton özünün NATO müttəfiqi olan Türkiyəyə belə, F-16-ları tədarük etməyib. Hərçənd tərəflər arasında müzakirələr uzun illərdir davam edir.
Beləliklə, ABŞ-ın qulağına xoş gələn bəyanatlarına bənd olmaq olmaz…
Kənan Novruzov
İnterpress.az