Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Florida Azərbaycan–Amerika Mədəniyyət Assosiasiyasının təşkilatçılığı ilə Hallandeyl şəhərində 31 mart soyqırımı qurbanlarına həsr olunmuş sərgi keçirilib.
“Memorial” parkın qarşıında açıq havada gerçəkləşdirilən sərgidə “31 mart – Azərbaycanlıların soyqırımı günü” və digər şüarların əks olunduğu plakatlar, fotosənədlər nümayiş etdirilib. Florida Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının prezidenti Töhfə Eminova sərgi ilə maraqlanan yerli sakinlərə 103 il öncə bolşevik-erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri dəhşətli soyqırımı barədə ətraflı məlumat verib. Bildirib ki, soyqırımı zamanı ermənilər on minlərlə azərbaycanlını amansızcasına və qəddarlıqla qətlə yetiriblər. Bu faciənin onun ailəsindən də yan keçmədiyinə, Qubadakı qırğın zamanı erməni silahlı dəstələrinin həyat yoldaşının ulu babası və nənəsini qətlə yetirdiklərinə diqqət cəlb edilib. Hazırda 31 mart soyqırımının on minlərlə qurbanlarının xatirəsinə Quba Soyqırımı Memorial Kompleksi ucaldıldığı vurğulanıb.
Ziyarətçilərə tanınmış siyasi şərhçi, jurnalist Malik Ayyub Sumbalın ermənilərin işğalçılıq siyasətindən bəhs edən “Tovuzdan Qarabağa” (“Tovuz to Karabakh”) adlı kitabı paylanılıb. Bu kitabın şəhərdə fəaliyyət göstərən yerli kitabxanalara və ABŞ-ın Holokost Muzeyinə bağışlanacağı nəzərə çatdırılıb. T.Eminova ermənilərin Azərbaycanda törətdikləri dəhşətli cinayətlərin ABŞ ictimaiyyətinə çatdırılması üçün Azərbaycan icmasına verdiyi dəstəyə görə şəhər meri Coy F.Kuperə təşəkkür edib.
Florida Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının 31 mart soyqırımı ilə bağlı qəbul etdiyi bəyanatda bildirilib ki, bu kütləvi qırğın xalqımızın tarixinin qanlı səhifələrindən biridir. Qeyd edilib ki, faşist təfəkkürü ilə hərəkət edən erməni ekstremistlərinin və terrorçularının müxtəlif dövrlərdə azərbaycanlılara qarşı fərqli formalarda həyata keçirdikləri kütləvi qətillər əvvəlcədən düşünülüb və planlaşdırılıb. Məqsəd – azərbaycanlıları qədim və əzəli torpaqlarından sıxışdırıb çıxarmaq, həmin ərazilərdə erməni tarixçilərinin uydurduğu “Böyük Ermənistan” dövləti yaratmaq olub.
İnterpress.az