ABŞ Nigerdəki səfirliyini qismən evakuasiya edirbackend

ABŞ Nigerdəki səfirliyini qismən evakuasiya edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ iyulun 26-da çevrilişin baş verdiyi Nigerdəki səfirliyini müvəqqəti olaraq qismən boşaltmaq qərarına gəlib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller Nigerdəki vəziyyəti nəzərə alaraq şəxsi heyəti və ailələrini müvəqqəti olaraq ölkədən çıxaracaqlarını bildirib.

Səfirliyin məhdud xidmətlər göstərməyə davam edəcəyini qeyd edən Miller Nigerlə diplomatik əlaqələrin ən yüksək səviyyədə davam etdiriləcəyini vurğulayıb.

Miller ABŞ-ın Niger xuntasına qarşı yeni addımlar atması gözlənilən Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyinə (ECOWAS) və Afrika İttifaqına dəstək verdiyini də bildirib.

Xunta hakimiyyəti ələ keçirdikdən sonra bir çox ölkələr öz vətəndaşlarını Nigerdən evakuasiya etməyə başlayıblar.

ECOWAS iyulun 30-da keçirdiyi fövqəladə zirvə toplantısında hərbi xuntaya prezident Məhəmməd Bazumu azad edib vəzifəsinə qayıtması üçün bir həftə vaxt verib.

ECOWAS, bu müddət ərzində tələblərinin yerinə yetirilməməsi halında hərbi müdaxilə də daxil olmaqla, bütün variantları nəzərdən keçirəcəklərini açıqlayıb.

Hərbi müdaxilə ehtimalı Qərbi Afrikadakı digər xunta hökumətlərinin reaksiyasını çəkib.

Administrasiyasında əsgərləri olan Burkina Faso və Mali, ECOWAS-a birgə bəyanatda Nigerə hərbi müdaxilənin onlara qarşı müharibə aparmaq mənasına gəldiyi barədə xəbərdarlıq edib.

Nigerdə ​​prezident Məhəmməd Bazum iyulun 26-da Prezident Mühafizəsi Alayının ünsürləri tərəfindən saxlanılıb və həmin axşam hərbçilər onun hakimiyyəti ələ keçirdiyini elan ediblər.

Prezident Mühafizə Alayının komandiri general Çiani iyulun 28-də Vətəni Müdafiə Milli Şurası (MŞH) xuntasına rəhbərlik etməyə başlayıb və keçid hökumətinin başçısı olub.