ABŞ dövlət katibi Antoni Blinken Rusiyanın taxıl sazişinə qayıtması ilə bağlı dilə gətirdiyi problemlərin həlli üçün əllərindən gələni etdiklərini, Birləşmiş Millətlər Təşkilatının Rusiyaya təqdim etdiyi təklifin hələ də cavab gözlədiyini bildirib.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
ABŞ dövlət katibi Antoni Blinken Beynəlxalq Fransız Radiosuna (RFI) müsahibəsində Rusiyanın Qara Dəniz Taxıl Təşəbbüsündən çıxmasını və mövcud vəziyyəti dəyərləndirib.
ABŞ-ın Rusiyanın razılaşmaya qayıtmaq istədiyi şərtlərlə bağlı danışıqlara hazır olub-olmadığı sualına Blinken, ötən il Türkiyə və BMT-nin təşəbbüsü ilə imzalanan müqavilə çərçivəsində Ukraynadan 30 milyon ton taxıl çıxarıldığını xatırladıb.
Ukrayna-Rusiya müharibəsinin qlobal ərzaq qiymətlərinə təsirini azaltmaq üçün Birləşmiş Millətlər Təşkilatı (BMT), Rusiya, Türkiyə və Ukrayna 22 iyul 2022-ci il tarixində İstanbulda keçirilən mərasimdə Qara Dəniz Taxıl Dəhlizi Sazişini imzalayıb.
Kremlin sözçüsü Dmitriy Peskov iyulun 17-də vaxtı bitmiş sazişlə bağlı açıqlama verib: “Taxıl dəhlizi sazişi əslində başa çatıb, dayandırılıb. Müvafiq şərtlər yerinə yetirilən kimi Rusiya dərhal taxıl sazişinə qayıdacaq. Rusiya ilə bağlı razılaşmanın bir hissəsi yerinə yetirilməyib”.